XƏBƏRLƏR

Azərbaycan Dillər Universitetində idman yarışlarının qalibləri mükafatlandırılıb

21 aprel, 2022

Aprelin 21-də Azərbaycan Dillər Universitetinin (ADU) idman zalında “Narkomaniyaya yox deyirik” şüarı altında  universitet fakültələri arasında keçirilən idman yarışının qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

İdmanın voleybol, basketbol, stolüstü tenis, badminton və şahmat üzrə keçirilən yarışlara tələbələr böyük maraq göstəriblər.

ADU-nun Tələbə Həmkarları İttifaqı Komitəsinin maddi dəstəyi ilə keçirilən yarışda 200-ə yaxın tələbə iştirak edib, 80-nə yaxın tələbə diplom və medallarla təltif olunub.

ADU-nun rektoru, akademik Kamal Abdulla ölkəmizdə idmanın dövlət siyasəti olduğunu bildirib, idmana olan diqqət və qayğıdan danışıb:

“Əziz tələbələr, bu gün Azərbaycanda bütün sahələrdə olduğu kimi idman sahəsində də böyük uğurlara imza atılmaqdadır. Gənclərin sağlam həyat tərzi sürməsi və Azərbaycanı beynəlxalq yarışlarda layiqincə təmsil etməsi vacib məsələlərdəndir. Ona görə də hər birimiz dövlətimizin sağlam vətəndaşlarının gələcəyi və idmanın təbliği ilə bağlı işlərə xüsusi diqqətlə yanaşmalıyıq. Bildiyimiz kimi cənab Prezidentimiz İlham Əliyevin idmana olan qayğısı hamımıza məlumdur, dünya və Avropa səviyyəsində keçirilən yarışlarda yüksək nəticələrin əldə olunması hər birimizi sevindirir. Siz öz addımlarınızla, öz davranışlarınızla örnək olmalısınız. İdmana olan sədaqətiniz sizin davranışlarınızda, münasibətinizdə də özünü göstərməlidir.”

ADU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Zəhra Hüseynova gənclərin idman sahəsində əldə etdiyi uğurları diqqətə çatdırıb. Qeyd olunub ki, ADU tələbələri hər zaman həm təhsildə, həm də idmanda yüksək nəticələrə nail olub.  Bildirilib ki, ADU THİK tələbələrin istedadlarının müəyyən olunması və bacarıqlarının artırılması istiqamətində dəstək olmağa daima hazırdır.

ADU İdman Klubun müdiri Yusif Abbasəliyev universitet rəhbərliyinə təşəkkürünü bildirib, gənclərin idmana olan həvəsini yüksək qiymətləndirib.

Yarışda BM və Regionşünaslıq fakültəsinin oğlanlardan ibarət komandası və Filologiya fakültəsinin qızlardan ibarət voleybol komandası birinci yerə layiq görülüblər.

Sonda digər qaliblər diplom, kubok və medallarla təltif olunublar.