XƏBƏRLƏR

ADU-nun rektoru “Regional İnkişaf” İctimai Birliyinin nümayəndələri ilə görüşüb

21 aprel, 2022

Azərbaycan Dillər Universitetinin (ADU)  rektoru, akademik Kamal Abdulla Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılan “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) nümayəndələri ilə görüşüb. Görüşdə iştirak edən ADU-nun Pedaqogika kafedrasının müdiri, dosent Nigar Zeynalova,  RİİB-in Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Leyla Tağıyeva və şöbənin əməkdaşı Fərid Süleymanov RİİB-in icra etdiyi “Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması” layihəsi  haqqında ətraflı məlumat verib.

Leyla Tağıyeva bu layihənin icrası ilə bağlı olaraq inklüziv təhsil sahəsində kadr potensialının gücləndirilməsi, dərslik və digər əyani vəsaitlərin hazırlanması, inklüziv cəmiyyətin formalaşdırılması üçün ictimai maarifləndirmənin genişləndirilməsi, qanunvericilik bazasının təkmilləşdirilməsinə dair təkliflərin hazırlanması və digər istiqamətlərdə işlər görüldüyünü bildirib. 

Leyla Tağıyeva “2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”nda qarşıya qoyulan bir sıra məqsədlərin reallaşdırılmasına töhfə verildiyini vurğulayıb. Belə ki, beynəlxalq ekspertlərin iştirakı ilə hazırlanan inklüziv təhsil üzrə təlim modullarının ali təhsil müəssisələrində bir neçə ixtisas üzrə “İnklüziv təhsil” fənninin proqramına inteqrasiya edildiyini, kadr hazırlığı üçün faydalı mənbə olan İnklüziv Təhsil Mərkəzlərinin yaradıldığını söyləyib.

ADU-nun rektoru akademik Kamal Abdulla inklüziv təhsilin Azərbaycanda təhsil siyasətinin mühüm tərkib hissəsi olduğunu, son dövrlərdə qəbul edilən qanun və proqramlarda inklüziv təhsilə xüsusi yer verildiyini vurğulayıb. O,  “2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”nda  nəzərdə tutulan tələblərin reallaşdırılması istiqamətində Azərbaycan Dillər Universitetində həyata keçirilən tədbirlər haqqında geniş məlumat verib.

Dos. Nigar Zeynalova inklüziv təhsilin uğurlu tətbiqi üçün yol xəritəsi, müəllim inkişafına dair beynəlxalq təcrübə və tendensiyalar, inklüziv təhsili dəstəkləmək üçün tədris prinsipləri, bu sahədə beynəlxalq təcrübə və perspektivlərə əsaslanmağın vacib olduğunu qeyd edib. O, ADU-da inklüziv təhsilin təbliği, bu sahə üzrə pedaqoji kadrların peşəkarlığının artırılması sahəsində görülən işlərdən və hazırda magistratura və bakalavriat səviyyələrində pedaqoji təcrübə keçən tələbələr üçün 27-29 aprel tarixlərində “İnklüziv təhsilin təşkili” mövzusunda Pedaqogika kafedrasının təşkil etdiyi təlimlər haqqında da məlumat verib.