XƏBƏRLƏR

ADU-nun tələbələri Nardaran məktəbliləri ilə görüşüblər

20 aprel, 2022

Aprelin 18-də Azərbaycan Dillər Universitetinin (ADU) Tərcümə fakültəsinin dekanı və tələbələrin iştirakı ilə Nardaran qəsəbəsi 295 № li tam orta məktəbdə şagirdlərlə görüş keçirilib.

Fakültə dekanı dosent Bənövşə Məmmədova ADU-nun rektoru, akademik Kamal Abdullanın salamını məktəbin kollektivinə və şagirdlərə çatdırıb, universitetlə məktəb arasındakı əlaqələrdən danışıb. Mütəmadi şəkildə keçirilən tədbirin təşkilinin əhəmiyyətini qeyd edən fakültə dekanı 295 nömrəli məktəbin şagirdlərinin bir neçə ildir ki, tələbə olaraq ADU-da təhsil aldıqlarından danışıb. Bənövşə Məmmədova məktəbin müəllim və şagird kollektivini ADU-nu ziyarət etməyə dəvət edib.

Sonra görüşün əsas iştirakçıları olan tələbələr təhsil aldıqları ixtisas dilində universitet və fakültə haqqında, universitetin xarici universitetlərlə əlaqələrindən, dil bilməyin əhəmiyyətindən danışıblar. İngilis dili dərslərində iştirak edən tələbələr qızların təhsildə rolu və təhsilin əhəmiyyəti ilə bağlı ingilis dilində çıxışlar ediblər.

Məktəbin direktoru Dilarə Cəbrayılova rəhbərlik etdiyi təhsil ocağına diqqətinə görə ADU-nun rektoru, akademik Kamal Abdullaya, eləcə də universitetin kollektivinə, tələbələrə  təşəkkürünü bildirib.