"Azərbaycanda hələki jurnalistika ixtisası üzrə İngilis dilində kitab yazan yoxdur"
Müsahibimiz Azərbaycan Dillər Universitetinin Beynəlxalq Jurnalistika şöbəsinin müdiri Nərgiz Qurbanlıdır.
525.az müsahibəni təqdim edir:
- Sizcə hansı keyfiyyətlər istedadlı jurnalist yetişdirir? Bu keyfiyyətlər universitet təhsili ilə qazanıla bilərmi?
- İstedadlı jurnalist yetişdirmək üçün bir çox prinsiplər var ki, çox önəmlidir. Ən başlıca prinsiplərə obyektivlik, dəqiqlik, vicdanlı olmaq, müstəqillik aiddir. Bunların hamısı olan yerdə təbii ki, istedadlı jurnalist yetişəcək. Sadaladığım xüsusiyyətlərin biri olmadıqda həmin şəxs sadəcə jurnalist ola bilər. İstedadlı jurnalist olmağın yolu həmin prinsiplərdən keçir. Onları da universitet tələbəyə aşılaya bilməz. Universitetdə sadəcə prinsiplər öyrədilir. Onu öz işində tətbiq etmək və uğur qazanmaq şəxsin özündən asılıdır.
- Bir çox insan bu fikirdədir ki, jurnalist olmaq üçün xüsusən jurnalistika ixtisasını oxumağa ehtiyac yoxdur və əsas bacarıqdır. Bu fikirlə nə dərəcədə razısınız?
- Universitetimizdə dərslər həm praktiki, həm də nəzəri tərəfdən tədris olunur. Düzdür, bəzi şəxslər deyir ki, jurnalist olmaq üçün bu ixtisası oxumağa dəyməz. Mən bu fikrin qəti əleyhinəyəm. Əlbəttə ki, peşəkar jurnalist olmaq istəyirsinizsə, bu ixtisası oxumaq lazımdır. Nəzəriyyə və təcrübəni isə qətiyyən biri-birindən ayırmaq olmaz. Tələbələrə nəzəriyyə tədris olunur, onlar da öyrəndiklərini istehsalat təcrübəsində, hər hansı bir qurumda işləyərkən tətbiq edirlər. Belə bir nümunə çəkim sizə, müsahibə almağın “qızıl qaydalar”ı var. Bunu jurnalistikada oxuyan hər tələbə bilir.
Düşünün ki, jurnalistika ixtisasını oxumamış tələbə əlinə mikrafon alır və müsahibəyə gedir. Nəzəri tərəfdən məlumatsız olduğuna görə, o, qaydaları pozacaq. Bundan başqa, jurnalistikanın etikası və kodeksləri var. Bundan xəbərsiz bir insan həmin qaydalara necə əməl edə bilər? Jurnalist özünün, eləcə də qarşısındakının hüquq və vəzifələrini bilməlidir ki, həm hüququnu tələb edə bilsin, həm də müsahibinin hüquqlarını pozmasın. Çünki hüquqların pozulduğu zaman iş məhkəməyə qədər gedib çıxa bilir. Biz belə halların çox şahidi olmuşuq. Bütün bu sadaladığım nəzəri bilikləri tələbəyə universitet öyrədir. Buna görə də, mütləq ki, jurnalistika ixtisasının təhsilini almaq lazımdır.
- Azərbaycan Dillər Universitetində Jurnaslitika ixtisası Filologiya fakültəsinin tərkibində idi. Jurnalistikanın bir şöbə olaraq Filologiyadan ayrılmasına niyə ehtiyac yarandı və bu, tələbələrə hansı üstünlükləri təşkil edir?
- Çox gözəl buyurdunuz, əvvəllər jurnalistika ixtisası Filologiya fakültəsinin nəzdində idi. Artıq 2021-ci ildən rektorumuz Kamal Abdullanın əmrinə əsasən, bizim ixtisasımız bir şöbə olaraq ayrıldı. Şöbənin adı isə Beynəlxalq jurnalistika oldu. Şöbənin yaradılmasında əsas məqsəd odur ki, xarici, eləcə də Avropa ölkələrində işini layiqincə yerinə yetirə biləcək jurnalistlər yetişdirək. Bizdə tədris ingilis dilindədir. Bu səbəbdən ixtisasla bərabər ingilis dili də tələbələrə yüksək səviyyədə tədris olunur. Bu da onlara öz ixtisaslarını ingilis dilində mənimsəməyə təkan verir. Biz şahid oluruq ki, bir çox jurnalistlər beynəlxalq arenada öz sözlərini İngilis dilində deyə bilmirlər.
Hətta üzündən oxuyurlar, danışıq zamanı qrammatik cəhətdən cümləni düzgün qura bilmirlər. Bu da öz növbəsində qarşı tərəfin sualı səhv anlamasına və ya heç anlamamasına səbəb olur. Jurnalistlər müsahibin, “mən sizi anlamadım”, “yenidən təkrar edin” və s. kimi cavablarına tuş gəlirlər. Universitetimizdən məzun olan tələbələrin beynəlxalq arenada öz sözünü səlis şəkildə deyə bilməsi üçün Beynəlxalq jurnalistika fakültəsinə ehtiyac duyuldu. Biz əlimizdən gələni edirik. Tələbələrə həm ixtisaslarını mənimsəməsində, həm də xarici dil biliklərini inkişaf etdirmələrinə kömək edirik.
- Necə düşünürsünüz bir pedoqoq kimi hazırda jurnalistika ixtisasının tədris olunmasında hansı çatışmazlıqlar var?
- Onu deyə bilərəm ki, hazırda jurnalistika ixtisasının tədris olunmasında demək olar ki, heç bir çatışmazlıq yoxdur. Daha öncə də qeyd etdiyim kimi bizdə tədris ingiliscədir. Bu səbəbdən də kitab problemi yaşanır. Təbii ki, lazım olan kitabları internetdən əldə edirik. Lakin bu, bəzən yetərsiz olur. Azərbaycanda hələki jurnalistika ixtisası üzrə İngilis dilində kitab yazan yoxdur. Biz xarici dildə olan kitabları tərcümə edib tədris edirik. Mən düşünürəm ki, bu problem ən qısa zamanda həll olunacaq.
- Mediamızla bağlı bir şeyi təkmilləşdirə bilsəydiniz, bu nə olardı?
- Təşəkkür edirəm sualınız üçün, çox yaxşı sualdır. Mən düşünürəm ki, mediamızla bağlı nəyisə təkmilləşdirə bilsəydim, bəzi televiziya kanallarımızdan başlayardım. Jurnalistikanın maarifləndirmə, informasiya vermə, əyləndirmə və s. kimi əsas funksiyaları var. Birinci maarifləndirmə funksiyasıdır. Lakin bir çox kanallarda maarifləndirmə özünü göstərmir. Barmaqla sayılacaq qədər az telekanal var ki, orada maarifləndirici verilişlər təşkil olunub. Əksər kanallar əyləndirmə funksiyasını ön planda tutub. Bütün bunları dəyişib yeniliklər gətirməyi, gənclər üçün maarifləndirici proqramlar təşkil etməyi istəyərdim. Son zamanlarda müşahidələrimdən və dərs tədris etdiyim tələbələrin söylədiklərindən yola çıxaraq deyə bilərəm ki, gənclər televiziyaya maraq göstərmirlər.
Səbəbini soruşan zaman isə televiziyada maraqlı, məlumatlandırıcı proqramların olmadığını deyirlər. Digər yeniliyi isə qəzetlərdə edərdim. Qəzetlərin kağızını daha keyfiyyətli etmək, dizaynında daha canlı rənglər istifadə etmək onları oxunaqlı edər. Qəzetlərin bir səhifəsini mədəniyyətə ayıraraq orada bir çox yeni nəşr olunmuş kitablar, kitab sərgiləri haqqında məlumat verərdim. Bu bir növ kitabların reklamı olardı. Gənclərimiz də məlumatları olardılar ki, harada sərgilər təşkil olunur və bundan faydalanardılar.
Sevil Seymur