XƏBƏRLƏR

ECAR layihəsinin “Liderliyin əsasları” mövzusuna həsr olunmuş növbəti təlimi

12 aprel, 2022

“Azərbaycanda Rektorlar Konfransının yaradılması” (ECAR) Erasmus+ layihəsinin “Liderliyin əsasları” mövzusuna həsr olunmuş bir günlük təlimi Azərbaycan Universitetində təşkil olunub. Azərbaycan HR İnstitutunun dəstəyi ilə təşkil olunan təlimdə layihənin yerli tərəfdaşı olan 16 ali təhsil müəssisəsinin  prorektor və digər rəhbər şəxsləri iştirak edib. Təlimdə universitetimizin tədris işləri üzrə prorektoru Sevinc Zeynalova, beynəlxalq əlaqələr üzrə prorektor Jalə Qəribova və Test mərkəzinin müdiri, layihənin meneceri Bəyim Abdulla iştirak edib.

Tədbiri Azərbaycan Universitetinin elmi işlər üzrə prorektoru Yusif Qasımov açaraq layihə çərçivəsində indiyə qədər görülən işlərə qısa nəzər salıb və iştirakçıları tədbirin gündəliyi ilə tanış edib.

Universitetin rektoru Səadət Əliyeva qonaqları salamlayıb və təlimin işinə uğurlar arzulayıb. Rektor bildirib ki, ECAR layihəsi çərçivəsində təşkil olunan görüş və təlimlər zamanı aparılan müzakirələr Azərbaycan elminin və təhsilinin inkişafına, ECAR layihəsinin uğurlu icrasına, layihə üzrə müəyyənləşdirilən məqsədlərə nail olunmasına öz töhfəsini verəcək.

Azərbaycan HR İnstitutunun təsisçisi Emil Hüseynov rəhbərlik etdiyi təşkilatın əsas məqsədinin ölkəmizdə insan kapitalının inkişafına dəstək vermək olduğunu bildirib və ECAR layihəsi ilə tərəfdaşlıqdan məmnunluğunu ifadə edib.

Açılışın ardından “Liderliyin əsasları” təliminə start verilib. Təlim “Fərdi performansın komponentləri”, “Korporativ performansın komponentləri”, “Motivasiya”, “Maslow teoriyası”, “Herzberg teoriyası”, “Situativ liderlik modeli”, “Feedback verilməsi qaydaları”, “DİSC davranış modeli” mövzularını əhatə edib. Təlimi Azərbaycan HR İnstitutunun əməkdaşı Vüqar Cəfərov aparıb.

Təlimin sonunda iştirakçılarına sertifikatlar təqdim olunub.