XƏBƏRLƏR

ADU-da Səmayə Məmmədovanın “Peşəkarlığın rəsmi” adlı kitabının təqdimatı keçirilib

12 aprel, 2022

12.04.2022-ci il tarixində Azərbaycan Dillər Universitetində Beynəlxalq jurnalistika şöbəsinin müdiri Nərgiz Qurbanlının təşəbbüsü ilə tanınmış jurnalist, PR menecer, uzun müddət müxtəlif dövlət qurumlarında mətbuat katibi kimi fəaliyyət göstərmiş Səmayə Məmmədovanın “Peşəkarlığın rəsmi” adlı kitabının təqdimatı keçirilib. 

Tədbiri giriş sözü ilə Nərgiz Qurbanlı açıb, qonağa dərin təşəkkürünü bildirdikdən sonra qısaca olaraq qonaq haqqında məlumat verib və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunduğunu qeyd edib. Daha sonra sözü Səmayə Məmmədovaya verib.

Qonaq jurnalistika və PR sahəsində 22 illik təcrübəsindən maraqlı məqamları tələbələrlə bölüşüb. Səmayə Məmmədova Gənclər və İdman Nazirliyində mətbuat katibi kimi fəaliyyət göstərdiyi illərdən, media və Piar sahəsindəki fəaliyyətindən, xaricdə təhsil almasından, PR-ın indiki zamanda nə qədər vacib sahə olmasından bəhs edib.  Qonaq həmçinin 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin verdiyi müsahibələrindən və KİV-in bu dövrdə apardığı işin  faydalarından söhbət açıb.

Daha sonra qonaq tələbələrin suallarını ətraflı cavablandırıb. Sonda isə kitabın imzalanma mərasimi keçirilib, müəllif tələbələrə kitab hədiyyə edib və xatirə şəkli çəkdirilib.