XƏBƏRLƏR

ADU-nun əməkdaşları Erasmus + layihəsi çərçivəsində ezamiyyətdə olublar

06 aprel, 2022

Azərbaycan Dillər Universitetinin əməkdaşları -  Tədris şöbəsinin müdiri Şəfəq Şahməmmədova və Filologiya fakültəsi nəzdində Xarici dillər kafedrasının baş müəllimi Abuzərli Sevda Erasmus + layihəsi çərçivəsində  Serbiya Respublikasının Belqrad Universitetində  ezamiyyətdə olublar. 

Ezamiyyət müddətində universitetin əməkdaşları professor Ema Milykoviç, Filologiya fakültəsinin dekan müavini Dalibor Sokoloviç, Erasmus + layihəsinin kordinatoru Milena Sikaniç ilə birgə dəyirmi masada iştirak ediblər.

 Ş.Şahməmmədova ADU-nun fakültələri və struktur bölmələri, müəllim və tələbə tərkibi, ixtisasları haqqında geniş məlumat vermişdir.  Belqrad universitetinin daxili və xarici qiymətləndirilməsi, akkreditasiya prosesi ümumiyyətlə universitetdə keyfiyyətin təmin olunması məsələləri ilə bağlı müzakirələr aparmış, universitetin təcrübəsini öyrənmişdir. Ş.Şahməmmədova ADU–da  Serb dili  və mədəniyyəti mərkəzinin fəaliyyət göstərdiyini qeyd edib.  Mərkəzin müdiri, dosent Lalə Məcidovanın universitetlərarası əlaqələrin genişlənməsində göstərdiyi fəallığı vurğulanıb.

Ezamiyyət zamanı əməkdaşlarımız Filologiya fakültəsinin müəllimlərindən professor Ema Milykoviçin, Yelena Babiçin, Zoran Paunoviçin dərslərində iştirak ediblər.

S.Abuzərli təyin olunmuş qruplarda Azərbaycan ədəbiyyatına,  Azərbaycan və Serb ədəbi əlaqələrinə həsr olunmuş dərslər təşkil edib. Dərs zamanı Azərbaycan dilinə tərcümə olunmuş serb yazıçısı Milorad Paviçin “Xəzər lüğəti” əsəri nümayiş olunmuş və Serb yazıçısı Branislav Nuşiçin “Nazirin xanımı” əsərinin Azərbaycan səhnəsində tamaşaya qoyulmasını haqqında məlumat verilmişdir. Tələbələr adı çəkilən tamaşadan parçaları maraqla qarşılamışlar. Azərbaycan milli rəqsləri ilə maraqlanan tələbələr üçün dərsdən kənar kiçik tədbir təşkil edilmiş və  S.Abuzərli milli rəqs elementlərinin mənasını açıqladıqdan sonra Youtube kanalı vasitəsilə “Naz eləmə” rəqsini izlətdirmişdir.

Səfər çərçivəsində əməkdaşlarımız Azərbaycan dövləti tərəfindən yenidən salınmış Daş meydan parkında ümummilli lider Heydər Əliyevin və böyük serb yazıçısı Milorad Paviçin heykəllərini ziyarət ediblər. Belqrad universitetində yerləşən Azərbaycan dili və mədəniyyəti mərkəzinin işi ilə yaxından tanış olan əməkdaşlarımız mərkəzə Azərbaycan mədəniyyətini özündə əks etdirən süvenirlər hədiyyə ediblər. 

Yazıçı, diplomat, Nobel mükafatı laureatı İvo Andriçin ev muzeyini, Təhsil və Etnoqrafiya muzeylərini də ziyarət edən əmkdaşlarımız zəngin  səfər təəssüratı ilə Serbiyadan ayrılıblar.