XƏBƏRLƏR

"Zəfərə aparan yol: Aprel döyüşləri” mövzusunda dəyirmi masa keçirilib

05 aprel, 2022

Aprelin 5-də ADU-nun Magistratura şöbəsi və Beynəlxalq Münasibətlər və Regionşünaslıq fakültəsinin Regionşünaslıq kafedrası “Zəfərə aparan yol: Aprel döyüşləri” mövzusunda dəyirmi masa keçirdi.

Tədbir bir dəqiqəlik sükutla açıldı. Tədbirin əvvəllində Regionşünaslıq kafedrasının müəllimi, moderator Elşən Məcidov Aprel döyüşlərinin Azərbaycanın Qarabağ uğrundakı mübarizəsinin sınaq dövrü və çox əhəmiyyətli nəticələri olduğunu bildirdi.

Magistratura şöbəsinin II kurs magistrantı Əli Sadıxov “Ermənistanın aprel təxribatının arxasında duran məqsədlər” adlı çıxışında Ermənistan rəhbərliyinin xarici düşmən obrazı yaradılması ideyası əsasında həyata keçirdiyi təxribatlardan bəhs etdi.

Magistratura şöbəsinin II kurs magistrantı İbrahim Səfərov “Azad olunan ərazilər və onların strateji əhəmiyyəti” adlı məruzəsində Aprel döyüşləri ərəfəsində əldə edilən yüksəkliklərin açdığı gələcək perspektivlərdən, xüsusilə Lələtəpə yüksəkliyinin, o cümlədən Talış kəndinin strateji əhəmiyyətindən danışdı.

Magistratura şöbəsinin II kurs magistrantı Aydan Məcidova “Aprel döyüşlərinin Britaniyanın beyin mərkəzləri tərəfindən təhlili” adlı çıxışında Aprel döyüşlərinin səbəblərinin araşdırılmasına və bəzi hallarda bu təhlillərin qərəzli xarakter daşımasını vurğuladı.

Magistratura şöbəsinin I kurs magistrantı Səyyad Ramazanov “Aprel döyüşləri kontekstində Azərbaycan – İsrail strateji münasibətləri” adlı məruzəsində Azərbaycanın həyata keçirdiyi uğurlu xarici siyasət strategiyası, Azərbaycan – İsrail arasında  güclü tərəfdaşlıq əlaqələri, o cümlədən ermənilərin yəhudilərə qarşı anti-semitizm münasibəti haqqında danışdı.

Magistratura şöbəsinin II kurs magistrantı Samir İsayev “Şəhid Pəncəli Teymurovun hərbi həyat yolu” adlı çıxışında  şəhidin hərbi kariyerasından, şücaətlə təlimlərdə çıxış etməsindən və sonda öz canını qurban verərək şəhadətə qovuşmasından bəhs etdi.

Regionşünaslıq kafedrasının müəllimi, tədbirin moderatoru Elşən Məcidov isə “Dördgünlük müharibənin politoloji təhlili”ni verdi, digər çıxışlara əlavələr edib, Ermənistan tərəfindən başladılmış təxribatın səbəb və nəticələrini bildirdi.

Regionşünaslıq kafedrasının müdiri dosent Sevdagül Əliyeva ermənilərin törətdikləri təxribatların təkcə döyüş meydanında deyil, bütün sahələrdə apardıqlarını bildirdi.  O, bu təxribatlara düzgün reaksiya verilməsi istiqamətində savadlılığın artırılmasının əhəmiyyətini vurğuladı. Gənclərə beynəlxalq layihələrdə uğurlu təmsilçiliklə bağlı bir sıra nümunə və tövsiyələr verdi.

Tədbirin sonunda “Qafqazşünaslıq və Azərbaycan tarixi” kafedrasının dosenti Qorxmaz Mustafayev də müzakirə olunan məsələlərə öz münasibətini bildirib, Ermənistanın təxribatçı siyasəti haqqında danışdı. Regionşünaslıq kafedrasının müəllimi Nailə Məmmədova isə media savadlılığının artırılması və Twitter diplomatiyasının əhəmiyyətini  vurğuladı.