XƏBƏRLƏR

ADU-da Aprel döyüşlərinə həsr olunmuş tədbir keçirilib

05 aprel, 2022

Aprelin 5-də Azərbaycan Dillər Universitetində “Aprel döyüşləri” nə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Beynəlxalq münasibətlər kafedrasının müəllimi, dosent Namiq Əsədov aprel döyüşlərində Milli Ordumuzun hərbi qulluqçularının göstərdiyi igidlikdən, qəhrəmanlıq nümunələrindən danışıb.   

Diqqətə çatdırılıb ki, aprel döyüşləri Azərbaycan dövlətinin qüdrətinin, Milli Ordumuzun gücünün və xalqımızın monolit birliyinin nümayişinə çevrilib. 

ADU-nun elmi işlər üzrə prorektoru Novruz Məmmədov Aprel döyüşlərini tarixi hadisə kimi qələbəyə aparan yolun başlanğıcı hesab etdiyini söyləyib. Bildirilib ki, Aprel döyüşləri dövlətimizin və ordumuzun gücünü, xalqımızın birliyini, həmrəyliyini və vətənpərvərliyini nümayiş etdirib. Xalqımız 30 ilə yaxın işğal altında qalan torpaqlarımızı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün ərzində azad edərək şanlı Qələbəmizin qazanılmasına nail olub.

Psixologiya kafedrasının dosenti, Birinci Qarabağa müharibəsi veteranı Əzim Əliyev müasir Azərbaycan ordusunun gücündən, texniki imkanların yüksək səviyyədə olmasından danışıb. Qeyd olunub ki, 2016-cı ildə dördgünlük döyüşlərdə qəhrəman əsgər və zabitlərimiz təcavüzkar Ermənistan ordusuna ağır zərbələr endirərək 2 min hektardan artıq ərazini işğaldan azad edib.

Aprel döyüşlərinin qazisi Nicat Əhmədov müharibə təəssüratlarını bölüşüb. Azərbaycan ordusunun qəhrəmanlığından, qorxmazlığından və igidliyindən söhbət açıb.

Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin dekanı, professor İbrahim Kazımbəyli Aprel döyüşlərində qazanılan qələbənin Prezident İlham Əliyevin uzaqgörən diplomatiyasının, uğurlu daxili və xarici siyasətinin, sərkərdəlik məharətinin, Ali Baş Komandanın daimi diqqət və qayğısı ilə əhatə olunan Azərbaycan Silahlı Qüvvələrinin əsgər və zabitlərinin peşəkarlığının, mənəvi-psixoloji hazırlığının, döyüş ruhunun, vətənpərvərlik hissinin yüksək səviyyədə olması və xalqımızın ordu ilə monolit birliyi nəticəsində mümkün olduğu bildirilib.

Regionşünaslıq kafedrasının müdiri,  dosent Sevdagül Əliyeva şəhid bacısı kimi bu gün keçirilən tədbirə qatıldığını bildirib. Şanlı qələbəmizdən sonra məhz bu kimi tədbirlərə qatılmağın mənəvi önəmindən danışılıb.

Filologiya fakültəsinin tələbəsi Nəzrin Hüseynzadə tarixi qələbəmizin əhəmiyyətindən danışıb.

Aprel döyüşlərinin Azərbaycan tarixinə şanlı səhifə kimi yazıldığı, bu zəfərin Azərbaycan əsgərinin döyüş və mənəvi-psixoloji hazırlığının, qələbə əzminin yüksək olduğunu nümayiş etdirdiyi, dövlətimizin və ordumuzun gücünü, xalqımızın birliyini, həmrəyliyini, vətənpərvərliyini, Azərbaycanın heç vaxt işğalla barışmayacağını, ərazi bütövlüyünü bərpa etmək əzmində olduğunu bir daha göstərdiyi vurğulanıb.

Təhsil-1 fakültəsinin tələbəsi Gülümə Məmmədova “Aprel döyüşləri” nə həsr etdiyi şeiri söyləyib.

Tədbir Aprle döyüşlərindən bəhs edən videoçarxın nümayiş olunması ilə başa çatıb.