XƏBƏRLƏR

ADU-nun əməkdaşı “Open Science Azərbaycan - gənc alimlər üçün yeni imkanlar” mövzusundakı konfransda çıxış edib

01 aprel, 2022

Martın 31-də Təhsil Nazirliyi və Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin birgə təşkilatçılığı ilə “Open Science Azərbaycan: gənc tədqiqatçılar arasında Open Science platformasının təbliği” layihəsi çərçivəsində “Open Science Azərbaycan - gənc alimlər üçün yeni imkanlar” mövzusunda konfrans keçirilib. Konfransda öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətən uğrunda canlarından keçən şəhidlərimizin və 31 Mart soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.    

AZƏRTAC xəbər verir ki, konfransı giriş sözü ilə açan Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü İlqar Orucov layihəsindən danışıb. Bildirib ki, layihənin əsas məqsədi gənc tədqiqatçılara “Open Science”, “Open Access”, “Open Research date”, “Open innovation”, “Open research computation”, “Citizen science, scientific social network” haqqında bilik və informasiyalar vermək, “Open Access” jurnallarına çıxış imkanları, “ORCID” (Open Researcher and Contributor ID) indeksli jurnallarda çap olunmaq üçün elmi məqalələrin hazırlanması metodologiyası haqqında onları məlumatlandırmaq, “Open Science”in gənc alimlər arasında geniş yayılmasına nail olmaqdır.

İlqar Orucov diqqətə çatdırıb ki, Bakı və regionlardan seçilmiş 17 universitetdə 1600 nəfərdən çox gənc alim, doktorant və magistr üçün təşkil edilən 34 seminarda Avropa elmi məkanında və dünyanın elmtutumlu dövlətlərində geniş yayılmış “Open Science”, “Open Access”, “Open Research date”, “Open innovation”, “Open research computation”, “Citizen science, scientific social network” haqqında məlumatlar verilib, “Open Science” haqqında təqdimatlar edilib. Həmçinin gənc alimlərin indeksli “Open Access” jurnallarına çıxış imkanları, bu jurnallarda çap olunma qaydaları, “ORCID”, bu sistemin gənc tədqiqatçılar üçün yaratdığı imkanlar, burada ödənişsiz qeydiyyat və bununla bağlı olan beynəlxalq APA stili, “Open Access Academy” haqqında geniş məlumatlar verilib.

Təhsil nazirinin müşaviri Elnur Nəsibov Azərbaycanın gənc alim, doktorant və magistrlərinin elmi araşdırmalar, tədqiqatlar və məlumatlarının beynəlxalq indeksdə yayımlanmasının vacibliyinə diqqət çəkib. Bildirib ki, gənc alimlərin beynəlxalq arenaya inteqrasiyası baxımından layihə böyük əhəmiyyət kəsb edir: “Aparılan tədqiqatların keyfiyyət və kəmiyyətinin artırılmasında belə layihələrin rolu böyükdür. Təhsil Nazirliyi olaraq bu cür layihələrin icrasına həmişə dəstək veririk”.

Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev, Gənclər Fondunun icraçı direktorunun müavini Qədir Xəlilov qeyd ediblər ki, Azərbaycan elm və təhsilinin beynəlxalq inteqrasiyasında böyük əhəmiyyət daşıyan layihə gənc alimlərin akademik bacarıqlarının inkişaf etdirilməsinə öz töhfəsini verəcək.

Konfransda təhsil nazirinin müşaviri Nicat Məmmədlinin “Open science: dövlət siyasətinin sərhədləri”, Avropa Gənc Alimlər Şurasının idarə Heyətinin üzvü, Oleksandr Berezkonun “Open Science və gənc tədqiqatçılar”, Bakı Mühəndislik Universitetinin elmi işlər üzrə prorektoru dosent Elçin Süleymanovun “Elmi resurs bazalarından effektiv istifadə metodları”, Azərbaycan Dillər Universitetinin Keyfiyyətin təminatı və monitorinq şöbəsinin müdiri dosent Səyanə Bağırovanın “UNESCO prizmasında Open Science - reallıqlar və perspektivlər” mövzularında məruzələri dinlənilib.