XƏBƏRLƏR

ADU-da Viktor Hüqonun 220 illiyi ilə bağlı tədbir keçirilib

31 mart, 2022

Azərbaycan Dillər Universitetində (ADU) Fransız dili və Mədəniyyəti və Frankofoniya Mərkəzlərinin təşəbbüsü ilə dahi fransız ədibi Viktor Hüqonun 220 illiyi münasibətilə tədbir keçirilib.

Fransız dili və Mədəniyyəti Mərkəzinin müdiri, filologiya elmləri doktoru, professor Əsgər Zeynalov tədbir iştirakçılarını salamlayıb, Hüqonunun həyat və yaradıcılığından söhbət açıb.

Filologiya və Təhsil-2 fakültələrinin tələbələri Həsənova Tutu “ Hüqonun həyatı” mövzusunda, Namazova Fatimə Hüqonun “Volter” məqaləsindən bir hissəni, Mehdiyeva Nəzrin Hüqonun  dostu Aleksandr Dümanın vəfatı münasibəti ilə yazdığı “Aleksandr Düma” məqaləsini fransız dilində, Qarayeva Ləman və Bağırova Adilə Hüqonun Şərq motivləri silsiləsindən “Ekstaz”, Əliyaqubova Nəzrin və Lətifova Asiya Hüqonun “Hamımız bir yerdə”, Fatimə Zalova və Baxışova Vüsalə ədibin “Səhər tezdən sübh çağı” şeirlərini Fransız və Azərbaycan dillərində təqdim ediblər, Namazova Fatimə “ La Seine” mahnısını fransız dilində ifa edib.

Professor Əsgər Zeynalov Hüqonun “Paris Notr-Dam kilsəsi” və “Səfillər” romanları haqqında danışıb. Adı çəkilən əsərlər əsasında çəkilmiş filmlərdən parçalar nümayiş olunub.

Mərkəzin əməkdaşı Cəmilə Xaspoladova hazırladığı “ Hüqonun azərbaycanlı mütəxəssisi” adlı videosunda professor Əsgər Zeynalovun Azərbaycan, Rusiya, Fransa, ABŞ, Almaniya, İngiltərə, Kanada, Hindistan, İsveçdə fransız ədəbiyyatı ilə bağlı, xüsusilə Viktor Hüqo haqqında monoqrafiyalar nəşr etdirdiyini, həmçinin Rusiya, İran, Türkiyə və Serbiyada məqalələrinin işıq üzü gördüyünü və ədəbiyatşünas alimin dünyanın bir sıra ölkələrinin akademiya və cəmiyyətlərinin üzvu olduğunu diqqətə çatdırıb, Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə nəşr olunmuş “Səfillər” romanın ön sözünün də zəhmətkeş alimə məxsus olduğunu bildirib.

Tədbirin sonunda Fransanın Azərbaycandakı səfirliyinin nümayəndəsi İnqrid Ponsi çıxış edərək tədbir barəsində  təəssüratlarını bölüşüb, təşkilatçılara öz təşəkkürünü bildirib.