Pakistan Senatının deputatları ADU-nun qonağı olub
Martın 18-də Azərbaycan Dillər Universitetində (ADU) Pakistan Senatının üzvləri ilə görüş keçirilib.
ADU-nun rektoru, akademik Kamal Abdulla qonaqları salamlayıb, onları universitetdə görməkdən məmnun olduğunu bildirib. Rektor Pakistanın dövlət bayramı münasibətilə qonaqları təbrik edib və bildirib ki, martın 17-də bayram günü ilə bağlı Bakıda dövlət səviyyəsində əlamətdar tədbir keçirilib.
Rektor diqqətə çatdırıb ki, Azərbaycan və Pakistan arasında tarixən isti münasibətlər olub. Ulu öndər Heydər Əliyev də Pakistanla münasibətlərə xüsusi önəm verirdi. Bu gün bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Qarşılıqlı elmi əlaqələrin önəmindən danışan Kamal Abdulla gələcəkdə görüləcək işlərin davamlı və uğurlu olacağına inandığını söyləyib: “Hər iki ölkədə fəaliyyət göstərəcək elmi mərkəzlər həm azərbaycanlı, həm də pakistanlı gənclər arasında möhkəm bir körpüyə çevriləcək. Sizlərin də köməkliyi ilə biz pakistanlı gəncləri burda qəbul edəcəyik, həmçinin azərbaycanlı gənclər də Pakistanda qarşılanacaqdır.”
Qeyd olunub ki, ölkələr arasında elmi-mədəni mübadilə bundan sonra da ən yüksək səviyyədə davam etdiriləcək. 44 gün davam edən Zəfər savaşında Pakistan dövlətinin dəstəyindən danışan rektor bu tarixi addımı heç vaxt unutmayacağımızı söyləyib.
Pakistan Senatının üzvü Sadaqat Ali Abbasi Azərbaycan Dillər Universiteti ilə əməkdaşlıqda maraqlı olduqlarını qeyd edib. Azərbaycan və Pakistan arasında elmi, mədəni, iqtisadi əlaqələr son illər çox sürətlə artmaqdadır: “Bizim gəlişimizin məqsədi ondan ibarətdir ki, ürəyimizdə olan Azərbaycan sevgisinin, dostluğunun təzahürü görünsün. Məqsədimiz öz təcrübələrimizi Azərbaycanla bölüşmək, eyni zamanda Azərbaycanın təcrübələrindən istifadə etməkdir.”
Qonaq qarşılıqlı əlaqələrin möhkəmlənməsi istiqamətində təkliflərlə çıxış edib: “Təklif edirəm, belə bir platforma yaradılsın ki, hər iki ölkənin akademik heyəti bir yerdə toplanıb fikir mübadiləsi etsinlər və yeni inkişaf perspektivləri haqqında müzakirə aparsınlar. Bu həm əlaqələrimizin inkişafında, həm elmi nailiyyətlərin əldə olunması istiqamətində vacib addımlardan biri hesab oluna bilər”.
Tədbirin sonunda qonaqlar ADU-nun Pakistan Mədəniyyət Mərkəzinin fəaliyyəti ilə yaxından tanış olub, urdu dilini öyrənən tələbələrlə fikir mübadiləsi aparıblar.