“Müasir dövrdə resurslar uğrunda qlobal və regional rəqabət" - elmi-praktik seminar
Martın 17- də Azərbaycan Dillər Universitetində universitetin Beynəlxalq münasibətlər kafedrası, Magisturatura şöbəsi və Doktorantura şöbəsinin birgə təşkilatçılığı ilə “Müasir dövrdə resurslar uğrunda qlobal və regional rəqabət" mövzusunda elmi-praktik seminar keçirilib.
Beynəlxalq münasibətlər kafedrasının dosenti Samirə İmanova tədbirin mahiyyətindən danışıb, mövzu ilə bağlı məlumat verib.
Beynalxalq münasibətlər kafedrasının doktorantı Könül Şirinova "Təbii resurslardan istifadə və ekoloji problemlər" adlı çıxışında günümüzdə təbii ehtiyatlara olan artan tələbatın Yer kürəsinə vurduğu zərbələr və əsas səbəbləri haqqında məlumat verib.
Beynəlxalq münasibətlər kafedrasının doktorantı Nəzrin Kərimova slayd vasitəsi ilə "Qanlı almazlar" (Blood Diamonds): Afrikanın resurs münaqişələri” adlı çıxışında “Təbii resurslardan istifadə etmənin üstünlükləri”, “İqtisadi gəlirin artması”, “Təbii resurs münaqişələrinin qarşısının alınma cəhdləri və uğursuz nəticələri” mövzuları haqqında danışıb. O, öz çıxışında Afrikada baş verən resurs münaqişələrindən bəhs edərək bu münaqişələrin həll olunması üçün atılan beynəlxalq və regional addımlardan söz açıb.
Beynəlxalq münasibətlər kafedrasının magistrantı Zeynəb Allahverdiyeva"Çin resurslar uğrunda qlobal mübarizədə yeni aktor kimi" – adlı çıxışında Çinin resurs uğrunda mübarizəsi, Çinin sürətlə böyüyən və müasirləşən iqtisadiyyatı haqqında söz açıb. O, "resurslar uğrunda mübarizənin əsas səbəbinin artan tələbatı ödəmək və enerji təhlükəsizliyinin təmin olunması ilə bağlıdır" deyə bildirib.
Beynəlxalq münasibətlər kafedrasının müəllimi Aytən Ramazanova "Resurs lənəti və ya bolluq paradoksu” adlı çıxışında aktual mövzulardan hesab edilən və son zamanlarda müzakirə obyektinə çevrilən resursların iqtisadi artıma təsiri problemi, maliyyə sektorunun inkişaf tendensiyalarına mənfi iqtisadi təsirlər göstərən "maliyyə bolluğunun lənəti" fenomeni haqqında danışıb.
Tədbirdə Beynəlxalq münasibətlər kafedrasının müdiri dosent Aida Yusifzadə, Regionşünaslıq kafedrasının müdiri dosent Sevdagül Əliyeva, Beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin dekan müavini Əli Məmmədov və digər iştirakçılar mövzu ətrafında müzakirələr aparıb, fikirlərini bölüşüblər.