ADU-da “Novruz boxçası” adlı bayram tədbiri keçirilib
Azərbaycan Dillər Universitetində Azərbaycanşünaslıq Elmi Mərkəzi, Magistratura şöbəsi, Beynəlxalq Münasibətlər və Regionşünaslıq fakültəsinin Regionşünaslıq kafedrasının təşkilatçılığı ilə “Novruz boxçası “ adlı tədbir keçirilib.
Regionşünaslıq kafedrasının müdiri dosent Sevdagül Əliyeva tədbirin mahiyyətindən danışıb. Bilidirib ki, Novruz bayramı Azərbaycan xalqının ən sevimli, milli və rəngarəng bayramıdır. Novruzun kökləri dərin tarixi dövrə təsadüf edir. Xalqımız bu bayramı uzun illərdi böyük təntənə ilə qeyd edir.
Universitetin Elmi işlər üzrə prorektoru, professor Novruz Məmmədov “Novruz” sözünün mənası, kökləri barədə söz açıb, bayramla bağlı tətbiqi şəkildə öyrəndiyi məlumatları qonaqlarla bölüşüb.
AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropalogiya İnstitutunun aparıcı elmi işçisi və Regionşünaslıq kafedrasının dosenti Bəhmən Əliyev bayramın tarixi kökləri haqqında danışıb. Dosent Bəhmən Əliyev Novruz dəyərlərindən bəhs edərkən bu bayramın elmi, astronomik, məişət, təsərrüfat, əkinçilik və maldarlığın bayramı olması ilə bağlı maraqlı məqamlara toxunub. O, həmçinin İslam dininin qəbul olunmasının Novruz bayramına təsiri, SSRİ dövründə bayramın keçirilməsinə qoyulan qadağalar və müasir dövrdə bayramın qeyd olunması haqqında da məlumat verib.
Regionşünaslıq kafedrasının baş müəllimi və AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropalogiya İnstitutunun aparıcı elmi işçisi t.ü.f.d Təranə Quluzadə Novruz bayramının mühüm simvollarından olan çərşənbələrin mahiyyəti, bayramın özünəməxsus adət-ənənələri haqqında çıxış edib.
Regionşünaslıq kafedrasının baş müəllimi, t.ü.f.d Rəna Rəcəbli “ Novruz mərasimləri və oyunları”adlı çıxışında Azərbaycanın müxtəlif bölgələrində eyni mərasimlərin müxtəlif şəkildə, oyunların isə təsərrüfat həyatına uyğun olduğunu qeyd edib. Rəna Rəcəbli müasir dövrdə unudulmuş xan bəzədi, baharbənd, çömçəbaşı bəzəmə, çövkən, aşıq-aşıq, beş daş, təkə, çilədi, satır, çiling ağac, ənzəli, məsmayıl oyunlarının haqqında danışıb.
Regionşünaslıq kafedrasının müəllimi Günay Feyziyevanın “Novruz sınamaları və inancları” adlı çıxışında Azərbaycanın müxtəlif bölgələrində keçirilən saçdan asılmış üzük, suda üzən iki iynə, qızdırılmış qaba atılan buğda və digər maraqlı sınamalar haqqında məlumat verib.
Magistratura şöbəsinin magistrantı Şəbnəm Səfərova Novruz süfrəsinə qoyulmalı olan təamlarla bağlı danışıb, bu bayramda hazırlanan milli Novruz yeməkləri haqqında maraqlı faktları bölüşüb.
Magistratura şöbəsinin magistrantı Aydan Məcidova Novruz bayramının əsas simvollarından olan səməni və tonqalın mahiyyəti, süfrəyə qoyulan 7 təamın önəmindən danışıb.
Beynəlxalq Münasibətlər və Regionşünaslıq fakültəsinin Amerikaşünaslıq ixtisasının 3-cü kurs tələbəsi Samir Ağazadə qədim təamlara marağı olduğunu, buna görədə təhsili ilə yanaşı aşpazlıq sənətini də öyrəndiyini bildirib. Müasir dövrdə unudulan yeməklərdən olan həlimaşı, buğda çilov, şirniyyatlardan isə zilviyə, zəyən çörəyi, əgirdək , qovut, səməni halvasının bişirilmə qaydalarını iştirakçılarla bölüşüb.
Tədbirin bədii hissəsində magistrant Nigar Fərəczadə Novruz bayramı haqqında müxtəlif mənbələrdən topladığı atalar sözlərini söyləyib.
Tədbir Regionşünaslıq kafedasının müəllimi Aygün Soltanzadənin çıxışlara uyğun hazırladığı videoçarxlar və musiqilərlə davam edib.
Sonda bayramın milli inanclarından olan papaq atdı, başmaq falı, yumurta döyüşü iştirakçılara əyani olaraq nümayiş olunub.