Professor Novruz Məmmədov - 75
Azərbaycan Dillər Universitetinin elmi işlər üzrə prorektoru, professor Novruz Məmmədov 75 illik yubileyini qeyd edir. Yubiley yaşı münasibəti ilə hörmətli Novruz Məmmədovu ADU-nun rektoru, akademik Kamal Abdullanın və kollektivimizin adından ürəkdən təbrik edir, ona cansağlığı, bütün işlərində uğurlar arzu edirik.
Novruz İsmayıl oğlu Məmmədov 15 mart 1947-ci ildə Babək rayonunun Şıxmahmud kəndində anadan olub. 1964-cü ildə orta təhsilini başa vuraraq, Azərbaycan Pedaqoji Dillər İnstitutunun "Avropa dilləri" fakültəsinin fransız dili şöbəsinə qəbul olub. 1970-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirib. 1967–1968-ci illərdə Əlcəzairdə, 1971–1973-cü illərdə Qvineyada, 1978–1981-ci illərdə isə yenidən Əlcəzairdə tərcüməçi və baş tərcüməçi işləyib.
Fəaliyyəti
Novruz Məmmədov 1991-ci ildə dissertasiya işini müdafiə edərək filologiya elmləri namizədi elmi dərəcəsini almışdır.
1992–1993-cü illərdə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun hazırlıq, 1993-1997-ci illərdə isə fransız dili fakültələrinin dekanı vəzifəsində işləmişdir.
12 aprel 1997-ci ildə Azərbaycan Respublikası Prezidenti Heydər Əliyev tərəfindən Azərbaycan Respublikası Prezident Administrasiyasının Xarici Əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyin edilən Novruz Məmmədov 1995-ci ildən 1997-ci ilə qədər Heydər Əliyevin fransız dili tərcüməçisi olmuşdur.
1997-ci ilin aprel ayında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri təyin edilmişdir.
2002-ci ilin yanvarında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə ona Fövqəladə və Səlahiyyətli Səfir rütbəsi verilmişdir.
O, 1998-ci ildə Azərbaycan-Fransa dostluq münasibətlərinin möhkəmlənməsində xidmətlərinə görə Fransa Prezidenti Jak Şirak tərəfindən Legion d’Honneur – "Fəxri Legion" ordeni ilə təltif edilmişdir.
2005-2018-ci illərdə YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının üzvü olmuşdur.
2007-ci ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Şöhrət" ordeni ilə təltif edilmişdir.
2009-cu ildə Polşa Prezidenti Lex Kaçinskinin sərəncamı ilə Azərbaycan-Polşa münasibətlərinin inkişafı sahəsindəki xidmətlərinə görə Polşanın Fəxri Legion Ordeni ilə təltif olunmuşdur.
2012-ci ilin noyabr ayında Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini təyin edilmişdir.
13 mart 2017-ci ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Şərəf" ordeni ilə təltif edilib.
1 iyun 2017-ci il tarixindən 21 aprel 2018-ci il tarixinədək Azərbaycan Respublikası Prezidentinin Xarici siyasət məsələləri üzrə köməkçisi - şöbə müdiri vəzifəsində çalışıb.
İşlədiyi müddətdə Azərbaycan Respublikası Prezidentinin xarici ölkələrə səfərlərində, müxtəlif sammit, beynəlxalq forum və konfranslarda Azərbaycanın rəsmi nümayəndə heyətinin üzvü olmuş, ikitərəfli və çoxtərəfli danışıqlarda iştirak etmişdir.
21 aprel 2018-ci il tarixindən Azərbaycan Respublikasının Baş Naziri təyin edilmiş, 8 oktyabr 2019-cu ildə öz ərizəsi ilə bu vəzifədən azad olunub.
19 noyabr 2019-cu il tarixindən Azərbaycan Dillər Universitetində Elm və innovasiya məsələləri üzrə prorektordur.
2018-ci ildə Fransa Respublikası Prezidentinin Fərmanı ilə “Şərəf Legionu” ordeninin zabit dərəcəsi ilə təltif edilib.
Azərbaycan, fransız, rus, ingilis və türk dillərini mükəmməl bilir.
Evlidir. Üç övladı və nəvələri var.
Elmi fəaliyyəti
Kitabları
IX sinif üçün fransız dili dərsliyi ("Le Français", 1994)
"Fransız dilinin praktik fonetikası" (1997)
"Geosiyasətə giriş" (1-ci cild, Bakı, “Azərbaycan nəşriyyatı”, 2011.- 576 səh.)
"Geosiyasətə giriş" (2-ci cild, Bakı, “Azərbaycan nəşriyyatı”, 2011.- 416 səh.)
“Xarici Siyasətin Azərbaycan Modeli” (Bakı, Çaşıoğlu, 2012.-464 səh.)
"Xarici siyasət: reallıqlar və gələcəyə baxış" (Bakı, Qanun nəşriyyatı, 2013.-264 səh.)
“Dış Politika: Gerçeklikler ve Geleceğe Bakış” (Ankara, Berikan yayınevi, 2015.-308 səh.)
Rəhbərlik etdiyi və baş redaktoru olduğu nəşrlər
“Diplomatiya: ensiklopedik lüğət” (Bakı, “Diplomat” nəşriyyatı, 2005.-578 səh.)
“Qlobal Siyasət: Təhdidlər, çağırışlar, ümidlər” (Bakı, Qanun nəşriyyatı, 2013.-320 səh.)
“Кто прав, тот и сильнее?” (Bakı, “Zərdabi LTD”, 2013.-344 səh.)
“Müasir beynəlxalq münasibətlər sistemi: Newtimes.az-ın baxış bucağı” (Bakı, 2014.-232 səh.)
“Современная Система Международных Отношений: Сквозь Призму Newtimes.az” ”(Bakı, “Elm və Təhsil”, nəşriyyatı 2015.-319 səh.)
“Günümüz Jeosiyasi Süreçlerinin Perde Arkası”(Bakı, “Elm və Təhsil”, nəşriyyatı 2015.-366 səh.)
“Müstəqil Azərbaycanın 25 ili Səfirlərin gözü ilə”(Bakı, ”BEST-TMS” MMC, 2016, - 645 səh.)
Tərcümələri
Erix Fayql - “Правда о терроре: армянский терроризм - истоки и причины” (rus dilinə, Bakı, Azərnəşr, 2000.-176 səh.)
Pyer Qamarra - "L'Assassin a le prix Goncourt"1963 (azərbaycan dilinə, Bakı, “Azərbaycan nəşriyyatı 2010.-216 səh.)
Philippe Braillard, Mohammad Reza Djalili "Les relations internationales". 1997. (azərbaycan dilinə, Bakı, “Azərbaycan nəşriyyatı”, 2010.-128 səh.). Azərbaycan Respublikasının xarici siyasəti və diaspor fəaliyyəti (1991-2011). (azərbaycan dilində, Bakı, "Elm və təhsil" nəşriyyatı, 2016. -328 s., -16 s. illüstr).
Novruz Məmmədov həmçinin, elmi, ictimai və siyasi mövzularda 150-dən artıq məqalənin müəllifidir.