XƏBƏRLƏR

“Azərbaycan və Çinin qayaüstü rəsmləri” adlı seminar keçirilib

15 mart, 2022

Azərbaycan Dillər Universitetinin (ADU) Konfutsi İnstitutunda “Azərbaycan və Çinin qayaüstü rəsmləri” adlı elmi tələbə seminarı keçirilib.

Seminarı giriş sözü ilə açan  Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov qeyd edib ki, dünya sivilizasiyasının qədim mərkəzlərindən biri olan Azərbaycanda qayaüstü rəsm sənəti geniş vüsət alıb və böyük tarixi dövrü əhatə edir. Qobustanın ən məşhur qayaüstü rəsmləri insanların həyatı, üslubları, quruluşu və rəsm texnikası ilə bağlı müxtəlif mövzuları ilə seçilir. UNESCO-nun Ümumdünya İrs Komitəsinin 31-ci sessiyasında Qobustan qayaüstü rəsmlərinin mədəni mənzərəsi Ümumdünya İrs Siyahısına daxil edilib.

R. Abbasov Azərbaycan ilə UNESKO arasında elm, təhsil, mədəniyyət sahəsində əməkdaşlığın inkişafından danışıb. O, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın milli-mənəvi dəyərlərin, mənəvi və qeyri-maddi irsin dünya miqyasında təbliği, sülh, sabitlik, sivilizasiyalararası dialoq, multikulturalizm kimi ümumbəşəri ideyaların həyata keçirilməsi istiqamətində fəaliyyətini xüsusilə qeyd edib.

R.Abbasov vurğulayıb ki, Azərbaycan muğamı, Qobustan Milli Tarix-Bədii Qoruğu, İçərişəhər, Qız qalası, Şirvanşahlar Sarayı Kompleksinin UNESKO-nun Dünya Mədəni İrs Siyahısına daxil edilməsi məhz Mehriban xanım Əliyevanın daimi səylərinin nəticəsidir. R.Abbasov Mehriban Əliyevanın Heydər Əliyev Fondunun illik fəaliyyətinə həsr olunmuş toplantıda iştirak edən Çin Xalq Respublikasının Azərbaycandakı səfiri Çjan Xayçjou, UNESKO-nun Baş Konfransının sədri Xao Pinq, eləcə də Heydər Əliyev Fondunun Azərbaycan-Çin arasındakı humanitar əlaqələri və Çində müxtəlif mədəni layihələri reallaşdıran xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədri Li Syaoli ilə görüşlərini xatırladıb.

Seminarda çıxış edən ADU-nun çinşünas tələbələri qayaüstü rəsmlərin Çində yaranma tarixindən, qədim Çin coğrafiyaşünası Li Daoyuanın əsərlərindən, süjet və texnikasına görə fərqlənən Çin qayaüstü sənətinin ayrı-ayrı qruplarından danışıblar. Həmçinin qeyd olunub ki, YUNESKO-nun Ümumdünya İrsi Siyahısına daxil olan Huaşan dağlarında yerləşən Çinin ən böyük qədim qayaüstü incəsənət abidəsi iki minə yaxın təsvirə malikdir. Təsvirdə qədim Vyetlər xalqının – “Lakvyet”in həyat və mərasimlərini, o cümlədən ovçuluq, rəqslər, qurbanlar, müharibələr, eləcə də qəbilə başçılarının və hərbi komandirlərin bənzərsiz nəhəng fiqurları əks olunub.