XƏBƏRLƏR

“Tələbə ilk olaraq hədəfini seçməli, ona doğru cəsarətlə, inamla irəliləməlidir!” - ADU-nun tələbəsi Ramiz Hacıyev

15 mart, 2022

Azərbaycan Dillər Universitetində təhsillərini xaricdə davam etdirmək istəyən tələbələr üçün  dünyanın  müxtəlif nüfuzlu  universitetləri ilə əməkdaşlıq müqavilələri və mübadilə proqramları var.  İkitərəfli sıx əməkdaşlıq çərçivəsində  olan  proqramlarından biri də “Erasmus+” mübadilə proqramıdır.

Müsahibimiz  “Erasmus +” mübadilə proqramı çərçivəsində 2020/2021-ci tədris ilinin I semesteri ərzində  Serbiyanın  Belqrad Universitetində  təhsil alan Ramiz Hacıyevdir.

 

- 20 yaşım var.  Orta təhsili 2007-2018-ci illərdə Bakı şəhərində yerləşən 111 nömrəli məktəbdə almışam.  Hələ məktəb illərindən rəssamlıq və şahmat oyunları üzrə olimpiadalarda iştirak etmişəm.

2018-ci ildə ADU-nun İngilis dili müəllimliyi ixtisasına qəbul olmuşam. Universtitetdə oxuduğum illər ərzində keçirilən xarici və yerli tədbirlərdə, eyni zamanda  hörmətli rektorumuz akademik  Kamal Abdullanın təşəbbüskarı olduğu "Multikulturalizm və elmi dəyərlər", "Azərbaycanda dinlər tarixi və multikultural yanaşma" adlı tədbirlərdə fəal iştirak etmişəm. Akademik göstəricilərimi yüksək tutmaqla yanaşı  “ADU Tələbə Gənclər Təşkilatı", "Bir Könüllü", "DOST" kimi yerli qurumlarda könüllü olaraq çalışmışam.

2021/22-ci il tədris ilinin payız semetrində Serbiyada erasmus təhsili qazanmış,  Serbiyanın Belgrad Universtitetində Erasmus + mübadilə proqramıyla mübadilə etmək şansı əldə etmişəm.

Hazırda ADU-nun Təhsil 1 fakültəsinin İngilis dili müəllimliyi ixtisasının 4-cü kursunda bakalavr  təhsilimi davam etdirirəm.  İxtisasımla  yanaşı rus və  serb dillərini öyrənirəm.

- ADU ilə Belqrad universitetləri arasında oxşarlıq və fərqliliklər varmı?

- Öncə onu qeyd edim ki, hər iki universitetdə təhsil səviyyəsi çox yaxşıdır. Belqrad Universtiteti mərkəzləşdirilmiş universtitetlər siyahısına daxildir. Yəni ayrı-ayrı sahələrə aid universitetlər “Fakültə” adlanır və Belqrad Universtiteti adı altında birləşiblər.  Mənim təhsil aldığım fakültə Filologiya fakültəsi idi.  Bu fakültənin 250 illik tarixi var. Oxşar cəhəti isə onda idi ki, Azərbaycan Dillər Universiteti kimi bu fakültə də ingilis dili filologiyası, müəllimlik, tərcüməçilik, kitabxanaçılıq və jurnalistika kimi bir çox sahələri özündə birləşdirib.

- Erasmus zamanı verilən təqaüd xərclərini ödəməyə kifayət edirdi?

- Xaricdə oxuyan tələbə üçün xərcləri idarə etmək  ən vacib mövzudur.  Bu da tələbədən tələbəyə dəyişir. Məni qane edirdi. Verilən təqaüd yemək və ev pulu xaricində  əlavə  səyahət etməyimə də yetirdi.

- Tədris prosesindən razısanmı və sənin üçün yeni olan nədir?

 - Bəli, tədris prosesi ADU-dakı kimi dəqiq və şəffaf şəkildə keçirilirdi. Mənim üçün Belqrad Universtitetində yeni olan, hətta qürur duyduğum məqamlardan biri də Azərbaycan Dillər Universiteti  ilə Belqrad Universtitetinin birgə fəaliyyəti,   həmçinin hörmətli rektorumuz akademik Kamal Abdullanın təşəbbüsü və Azərbaycan Respublikasının Serbiya  Respublikasındakı səfirliyinin dəstəyi ilə Filologiya fakültəsində açılmış olan “Azərbaycan Dili və Mədəniyyət Mərkəzi”  ilə tanışlıq oldu.

Məhz bu mərkəzin fəaliyyəti sayəsində mən Belqradda belə özümü vətənimdəki kimi hiss edirdim. Bu mədəniyyət mərkəzi hər il yüzlərlə Azərbaycan dilini öyrənməyə həvəsli olan xarici təlǝbəyə Azərbaycan dilini və mədəniyyətini öyrədir.

Xüsusi ilə deyə bilərəm ki,  ADU-nun dəyərli müəllimi,  profesor Lalə Məcidovanın müəllifi olduğu “Putujem u Azerbejdzan” kitabı bir çox tələbənin Azərbaycan dilini öyrənməsinə kömək olur.  Azərbaycan dilinin öyrənilməsi üçün nəzərdə tutulan səviyyə imtahanları keçirilir.

- Azərbaycanlı olduğunuzu biləndə müəllimlərin və tələbələrin sənə reaksiyası necə olurdu?

 - Azərbaycanlı olduğumu və Azərbaycanı təmsil etdiyimi biləndə müəllim və tələbə heyətinin böyük marağına səbəb oldum.

Akademik fəaliyyətimlə yanaşı, keçirilən seminar və tədbirlərdə peşəkar  tələbə və müəllim heyətinə Azərbaycan və onun mədəniyyəti , adət-ənənələri  barədə geniş məlumat verdim.

Onu da qeyd edə bilərəm ki, ölkə mədəniyyət və kulinariyası ilə bizim mədəniyyətə çox bənzəyir.

- Xaricdə təhsil almış biri kimi tələbələrə tövsiyələrin nələrdir?

 - Xaricdə təhsil almış bir tələbə kimi onu deyə bilərəm ki, uğur qazanmaq öz əllərindədir.  Tələbə ilk olaraq hədəfini seçməli, ona doğru cəsarətlə, inamla irəliləməlidir. Təhsil sahəsində xarici təcrübədən istifadə və qloballaşma günümüzdə böyük prioritetlərdən biridir. Fikrimcə, hədəfi bəlli olan hər bir  tələbə üçün bu çox vacibdir. Xaricdə təhsil almaq istəyənlərə bu yolda uğurlar arzulayıram. 

- Başqa demək istədiyin nə var?

 - Serbiya Azərbaycan diasporasının inkişaf etdiyi ölkələrdən biridir. Serbiya, xüsusilə də Belqrad şəhəri çox gözəl şəhərdir.

 17 noyabr  2021-ci ildə  Azərbaycan Respublikasının Serbiyadakı səfirliyi,  Azərbaycan dili və Mədəniyyəti Mərkəzinin birgə təşkilatçılığı ilə Belqrad şəhəri Xalq Muzeyində  keçirilən dahi şair Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş yubiley mərasimində iştirak etmişəm. Yubiley mərasimində xarici səfirliklərin nümayəndələri də iştirak edirdi. Mən də öz növbəmdə  dahi Nizami Gəncəvinin Şah əsərlərindən və qəzəllərindən parçalar səsləndirərək, bir  Azərbaycanlı kimi vətənimizi uğurla təmsil etdim. Bu çox qürurverici hiss idi.

Digər qürur duyduğum anlardan biri də ümummilli liderimiz Heydər Əliyevin Belqradın Taşmeydan parkında olan heykəlini ziyarət etmək oldu.

Mən fəxr edirəm ki, Azərbaycanlıyam!