ADU-da “Qarabağ xalçaları” adlı tədbir keçirilib
Azərbaycan Dillər Universitetində Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin, Magisturatura şöbəsi, Regionşünaslıq kafedrası və Azərbaycanşünaslıq Elmi Mərkəzinin birgə təşkilatçılığı ilə “ Qarabağ xalçaları ” adlı tədbir keçirilib.
Regionşünaslıq kafedrasının müdiri dosent Sevdagül Əliyeva tədbirin mahiyyətindən danışıb, Azərbaycanda xalçaçılığın tarixi haqqında məlumat verib. Eyni zamanda hər bölgəyə aid olan xalçaların fərqli xüsusiyyətləri olduğundan söz açıb. O,Qarabağ xalçalarının formasının uzunsov, rəng-boyaq palitrasının olduqca zəngin olduğunu, bu palitranın isə Qarabağ təbiətinin bütün rənglərinin ən zərif çalarlarını özündə əks etdirdiyini bildirib.
Regionşünaslıq kafedrasının müəllimi Kəmalə Qurbanlı Qarabağ xalçaçılıq məktəbləri, həmin məktəblərin tarixi haqqında danışıb. O, Qarabağ xalçalarının tarixindən danışarkən hər bir dövrə məxsus xalçaların əsas xüsusiyyətlərindən, növlərindən, onların yayıldığı əsas bölgələrdən söz açıb. Kəmalə Qurbanlı Qarabağda tanınan xovlu və xovsuz xalçaların növlərindən də bəhs edib.
Regionşünaslıq kafedrasının müəllimi Aygün Soltanzadə "Azərbaycan və Qarabağ xalçaları dünya muzeylərində" adlı çıxışında, beynəlxalq sərgilərdə Azərbaycan xalçalarının nümayiş olunmasından və xarici muzeylərdə saxlanılmasından danışıb. Tədbirdə Aygün Soltanzadənin Böyük Britaniya, Almaniya, Fransa, İtaliya, Rusiya və digər ölkələrdə nümayiş etdirilən Azərbaycan və Qarabağ xalçaları haqqında hazırladığı “Qarabağ xalçaları dünya muzeylərində" adlı videoçarx nümayiş olunub.
Tədbirin bədii hissəsində Regionşünaslıq kafedrasında təcrübə keçən magistrantlar Zemfira Quliyeva və Şəbnəm Səfərova xalçalar haqqında atalar sözləri, magistrant Nigar Fərəczadə xalçalar haqqında bayatılar ilə çıxış edib.
Regionşünaslıq kafedrasının müəllimi Tajdehibonab Mehparə Zəlimxan Yaqubun "Həzrət Süleymanın xalçası kimi" şerini səsləndirib.
Regionşünaslıq kafedrasının müəllimi Nailə Məmmədova qədimdə Qarabağda böyüklərimizin israf olmasın deyə artıq xalça saplarından döşəkcə düzəldilməsi barədə danışıb, bununla bağlı xatirələrini də bölüşüb.