XƏBƏRLƏR

ADU-da “Azərbaycan Respublikası və Çin Xalq Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü. Prezident salnaməsi” kitabının təqdimatı olub

10 mart, 2022

Azərbaycan Dillər Universitetində (ADU) Konfutsi İnstitutunun direktoru Rafiq Abbasovun Çin və Azərbaycan dilində nəşr olunan “Azərbaycan Respublikası və Çin Xalq Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü. Prezident salnaməsi” kitabının təqdimatı keçirilib. Kitabda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2003-2021-ci illər ərzində Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında ikitərəfli siyasi, iqtisadi və mədəni əlaqələrin inkişafı sahəsində çıxışlar, nitqlər, müsahibələr, məktublar, məruzələr əks olunub.

ADU-nun rektoru, akademik Kamal Abdulla kitabın çapını əlamətdar hadisə adlandırıb və bildirib ki, kitab son dərəcə vacib mövzuya həsr olunub. Rektor qeyd edib ki, kitab təkcə çinşünaslar üçün deyil, eyni zamanda Çinə yaxın və uzaq ölkələr üçün də münasibətlərin yol göstərici ola bilər: “Azərbaycan Prezidenti İlham Əliyev ölkə həqiqətlərinin dünyaya çatıdırılması üçün əldə olan imkanlardan həmişə tam şəkildə istifadə edib. Hesab edirəm ki, bizim digər mərkəzlər də bu nəşrdə əks olunan istiqamətdə kitablar, tədqiqat əsərləri ortaya qoymalıdırlar”.

Azərbaycan Dillər Universitetinin Regionşünaslıq və Beynəlxalq  münasibətlər fakültəsinin dekanı İbrahim Kazımbəyli  Azərbaycan-Çin münasibətlərinin inkişafının əsas tarixi mərhələləri, ulu öndər Heydər Əliyevin ÇXR-ə iki ölkə arasında çoxtərəfli əməkdaşlığın əsasını qoyan, Böyük İpək Yolu ilə bağlı tarixi səfəri haqqında ətraflı məlumat verib. Qeyd edib ki, kitabın Çin dilində tərtib olunması ümummilli lider Heydər Əliyev kursunun layiqli davamçısı – Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan və Çin arasında ənənəvi dostluq münasibətlərinin genişləndirilməsi sahəsində göstərdiyi fəaliyyətin Çin cəmiyyətinə çatdırılması nöqteyi-nəzərindən böyük əhəmiyyət kəsb edir.

Təqdimatda çıxış edən ADU-nun Beynəlxalq münasibətlər kafedrasının dosenti  Samirə İmanova İlham Əliyevin prezidentliyi dövründə Azərbaycanın böyük  tərəqqi  yolu keçdiyini, dinamik inkişaf edən və bütün dünyada hörmət olunan ölkəyə çevrildiyini vurğulayıb. S.İmanova  Çin dilində kitabın təqdimatının ADU-da keçirilməsinin əhəmiyyətini xüsusi vurğulayıb. O, qeyd edib ki, Prezident İlham Əliyevin təhsil sahəsində uğurlu siyasətinin nəticəsidir ki, universitetdə 20-dən artıq xarici dil tədris olunur, Konfutsi İnstitutu və dil mərkəzləri fəaliyyət göstərir. Dosent  bildirib ki, 2012-ci ildən ADU-da Çin dili tədris olunur.

Təqdimat mərasimində çıxış edən ADU-nun Beynəlxalq münasibətlər kafedrasının dosenti   Emil Qasımov qeyd edib ki, təqdim olunan kitab Prezident İlham Əliyevin parlaq intellekti və uğurlu siyasi gələcəyi olan dövlət xadimi kimi bütün dünyada tanındığını bir daha təsdiq edir. O, kitabın əhəmiyyətini vurğulayaraq əminliklə bildirib ki, Prezident İlham Əliyevin fəaliyyəti ilə bağlı geniş məlumat verən nəşr gələcəkdə Azərbaycan-Çin əməkdaşlığında böyük rol oynayacaq, Azərbaycan və dünya ictimaiyyəti üçün qiymətli mənbəyə çevriləcək və eyni zamanda ADU-nun Çin dilini öyrənən tələbələri üçün də dəyərli dərs vəsaiti olacaq.

Təqdimatda çıxış edən ADU-nun Fəlsəfə və ictimai elmlər kafedrası baş müəllimi  Kəmalə Yusifova Çin kimi qədim tarixə malik bir dövləti araşdırmağın şərəfli bir missiya olduğunu söyləyib və kitabın ərsəyə gəlməsini yüksək qiymətləndirib. O, Azərbaycan və Çin arasında münasibətlərin inkişafında professor R.Abbasovun danılmaz əməyini xatırladıb.