XƏBƏRLƏR

ADU-da 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib

05 mart, 2022

Martın 5-də Azərbaycan Dillər Universitetində (ADU) 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib.

Universitetin rektoru akademik, Xalq yazıçısı Kamal Abdulla xanımları bayram münasibətilə təbrik edərək onlara uzun ömür və cansağlığı arzulayıb. Rektor bildirib ki, 8 mart şüurlarda qadına olan hörmətin ifadəsi kimi yaşayır:

“Əziz qadınlar, əziz xanım tələbələr sizə cansağlığı, könül xoşluğu arzu edirəm. 8 mart yaddaşlarda sevgiliyə, anaya, övlada, bacıya münasibətin gözəl ifadəsi kimi qalıb. Azərbaycan qadını deyəndə yadımıza ulularımız düşür. Azərbaycan qadını deyəndə yadımıza həyatını, varlığını millətin inkaşafı yolunda sərf edən anamız, bacımız, qızlarımız düşür. Sizi həm də ona görə təbrik edirik ki, biz sizin qarşınızdakı borcumuzu yerinə yetirmiş sayılırıq. Cənab Prezidentimizin rəhbərliyi altında şanlı Qarabağ savaşını şərəflə başa vurmuşuq. “Qarabağ bizimdir!” sözlərini artıq reallıq kimi ürəkdən deyən insanlarıq”.

Rektor əlavə edib ki, yetişməkdə olan gənc nəsil Prezident İlham Əliyevin bu yoldakı rəşadətini, cəsarətini anlayır, alqışlayır və yaşadır:

“İnanıram ki, Azərbaycan qadınları qalib xalq mədəniyyətinin bariz nümayəndələri kimi Azərbaycanın bu gündən sabaha irəliləyişinin ləyaqətli, şərəfli olmasını saxlayacaqdır. Arzu edirəm, biz universitetin adını elə yüksəklərə qaldıraq ki, tələbələrimiz harda olmaqlarından asılı olmayaraq fəxrlə desinlər ki, “biz Azərbaycan Dillər Universitetinin məzunlarıyıq”. Sizi bir daha təbrik edirəm”.

Tədbir bədii hissə ildə davam edib. Tələbələr müxtəlif dillərdə ana haqqında şeirlər söyləyib, musiqilər səsləndiriblər.

Sonda universitetin "Dalğa" rəqs qrupu bir-birindən maraqlı rəqslər nümayiş etdirib.