XƏBƏRLƏR

ADU- da “Xocalı faciəsi ədəbiyyatda və mətbuatda” adlı tədbir keçirilib

27 fevral, 2022

Azərbaycan Dillər Universitetinin Filologiya fakültəsi nəzdində Azərbaycan ədəbiyyatı kafedrasının təşkilatçılığı ilə Xocalı faciəsinin 30 illiyinə həsr olunmuş tədbir keçirilib. 

Azərbaycan ədəbiyyatı kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru  Aytac Zeynalova çıxışında Ermənistan adlı saxta bir dövlətin torpaq iddiasından,  yalançı “genosid” düşüncəsi ilə Xocalıda törətdikləri faciədən bəhs edib. O, həmçinin Xocalı faciəsi ilə bağlı həqiqətləri, ermənilərin törətdiyi vəhşilikləri texnologiya və s. imkanlardan istifadə etməklə, yeni nəsilə daha güclü təbliğ etməyin vacibliyini də qeyd edib.

Tədbirin digər iştirakçıları- Azərbaycan  ədəbiyyatı kafedrasının müəllimi f.f.d. Aynurə Paşayeva  “Xocalı soyqırımı Azərbaycan və dünya mətbuatında”,  kafedranın dosenti, f.f.d. Vəfa Kazımova “Трагедия Ходжалы в азербайджанской литературе”, kafedranın baş müəllimi f.f.d. Mehriban Mövlamova “Poeziyamızda Xocalı harayı”, adlı mövzularda çıxış ediblər.

F.f.d. Vəfa Kazımova çıxışında bu mövzuda yazılan bədii əsərlərdən danışıb.  F.f.d. Mehriban Mövlamova isə Xocalı faciəsinin poeziyada bədii ifadəsini tapan nümunələrdən bəhs edib,  təəssüratlarını iştirakçılarla bölüşüb.

Filologiya fakültəsinin 1-ci kurs tələbələri- Melina Qəhramanova “Приступление не имеющая срока давности”,  Zeynəb Mirələmova isə  “Xocalı soyqırımı – qan yaddaşımız!” adlı mövzu ilə çıxış ediblər.

Azərbaycan  ədəbiyyatı kafedrasının müəllimi f.f.d. Aynurə Paşayeva Xocalıda törədilən qətliamın mətbuatda əksini tapması barədə ətraflı məruzə ilə çıxış edib. O, faciənin 1992-ci ildə çap olunan yerli (“Azərbaycan”, “Xalq”, “Səhər” qəzetləri, “Azərbaycan” jurnalı), xarici (Krua l'Eveneman jurnalı (Paris), “The Sunday Times” (London), “Faynenşl Times” (London), “Times” (London), “İzvestiya” (Moskva), “Le Mond” (Paris), “İzvestiya” (Moskva) qəzetləri)  və digər mətbuat orqanlarında öz əksini tapdığını bildirib. Mətbuatda Xocalı faciəsi ilə bağlı ilk məlumatı 1992-ci ildə  “Səhər” qəzetinin 27 fevral tarixli sayında işıqlandırıldığından söz açıb, eyni zamanda araşdırdığı qəzetlərlə bağlı görüntüləri də iştirakçılarla bölüşüb.

Tədbirin sonunda tələbələr qanlı faciəyə həsr olunmuş bədii əsərlər haqqında ətraflı məlumat verib, bu mövzuda qələmə alınmış şeirlər də səsləndiriblər.