XƏBƏRLƏR

ADU-nun prorektoru ECAR layihəsi çərçivəsində təlimdə iştirak edib

25 fevral, 2022

ADU-nun prorektoru professor Sevinc Zeynalova ECAR ( “Azərbaycanda Rektorlar Konfransının yaradılması”) layihəsi çərçivəsində növbəti təlimdə iştirak edib.

24 fevral tarixində “Azərbaycanda Rektorlar Konfransının yaradılması” adlı Erasmus+ layihəsi çərçivəsində Bakı Mühəndislik Universitetində növbəti təlim keçirilib.

BMU-nun rektoru, professor Havar Məmmədov qonaqları salamlayaraq, layihənin əhəmiyyətindən, Azərbaycanda ali təhsilin keyfiyyətinin yaxşılaşdırılması və Avropa təhsil sisteminə inteqrasiyası məqsədilə universitet rektorlarının birgə fəaliyyətdə olmasını xüsusi vurğulayıb.

Layihənin koordinatoru olan Bakı Biznes Universitetinin rektoru, professor İbad Abbasov Rektorlar Konfransı vasitəsilə universitetlər və digər tərəfdaş qurumlar arasında milli şəbəkə və əməkdaşlığı inkişaf etdirməyin vacibliyindən danışıb

Təhsil nazirinin müşaviri Nicat Məmmədli təşkil olunan təlimin əhəmiyyətini vurğulayıb, layihə çərçivəsində görülən bütün fəaliyyətlərin yerli universitetlərin təhsil proqramlarının beynəlmiləlləşməsinə və universitetlərin rəqabət qabiliyyətinin yüksəldilməsinə əsaslı dəstək olacağını bildirib.

Tədbirə onlayn formada qatılan Mərkəzi Oklahoma Universitetinin Transformativ Tədris və Təlimdə Mükəmməllik Mərkəzinin icraçı direktoru Jeff King “Transformativ tədris və öyrənmə” mövzusunda məruzə ilə çıxış edib. 

“Dəyişikliklərin idarə edilməsi – transformasiyalı tədris və öyrənmə” mövzusunda keçirilən təlim Ali Təhsildə Keyfiyyət Təminatı Agentliklərinin Mərkəzi və Şərqi Avropa Şəbəkəsinin (CEENQA- Central and Eastern European Network of Quality Assurance Agencies in Higher Education) vitse prezidenti Olgun Çiçek tərəfindən aparılıb.

Təlim zamanı ali təhsil müəssisələrində keyfiyyət təminatının tələbləri, təhsil proqramlarının beynəlmiləlləşdirilməsi, dərs proqramlarında keyfiyyət təminatı, beynəlxalq akkreditasiya və onun gələcək perspektivləri, modular akkreditasiya barədə ətraflı məlumat verilib və qeyd olunan məsələlər ətrafında geniş müzakirələr aparılıb.