XƏBƏRLƏR

ADU-nun rektoru Kamal Abdulla Edison Hacıyevi 80 illik yubileyi münasibəti ilə təbrik edib

25 fevral, 2022

Azərbaycan Dillər Universitetində Elmi Şuranın növbəti iclası keçirilib. Universitetin rektoru, akademik Kamal Abdulla əvvəlcə gündəlikdə duran məsələlər haqqında məlumat verib. Daha sonra rektor bildirib ki, ADU-nun İngilis dilinin qrammatikası kafedrasının dosenti Edison Hacıyev 80 illik yubileyini qeyd edir. O, yubilyarı öz adından və professor-müəllim heyətinin adından təbrik edib, cansağlığı, elmi-pedaqoji fəaliyyətində uğurlar arzu edib.

Akademik Kamal Abdulla bildirib ki, Edison Hacıyev öz işini ləyaqətlə yerinə yetirən nümunəvi pedaqoqlardan biri, tələbələrin sevimli müəllimidir.

Edison Hacıyev diqqətə və xoş sözlərə görə akademik Kamal Abdullaya təşəkkürünü bildirib.

Qeyd edək ki, Edison İmran oğlu Hacıyev 1941-ci il fevralın 4-də Şəmkir rayonunun Dəllər-Cırdaxan kəndində anadan olub. 1959-cu ildə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun ingilis-Azərbaycan dilləri fakültəsinə daxil olub və 1964-cü ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirərək Elmi Şuranın qərarı ilə 1964-cü ildən İngilis dilinin qrammatikası kafedrasında müəllim kimi saxlanılıb. Qrammatika üzrə 2 kitab və bir sıra proqramların və 60-dan çox elmi məqalə və tezisin müəllifidir. Pedaqoji fəaliyyətinin nəticələrinə görə dəfələrlə universitet rəhbərliyinin fəxri fərmanlarına layiq görülüb.