XƏBƏRLƏR

ADU-nun professoru haqqında xüsusi buraxılış

25 fevral, 2022

Azərbaycan Dillər Universitetinin  Fransız dili və Mədəniyyəti Mərkəzinin müdiri, Təhsil-2 fakültəsi nəzdində Xarici dillər kafedrasının professoru Əsgər Məmməd oğlu Zeynalovun 70 illik yubileyi münasibətilə Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası məcmuəsinin xüsusi buraxılışı olub.

 28 səhifədən ibarət bu məcmuə Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, Nyu-York Elmlər Akademiyasının üzvü, Özbəkistan Turan Elmlər Akademiyasının akademiki, Parisdə fəaliyyət göstərən Hüqonun Dostları Cəmiyyətinin üzvü, Türk Dünyası Araşdırmalar Beynəlxalq Akademiyası və Almaniyada fəaliyyət göstərən Avropa Təbiət Elmləri Akademiyasının akademiki Əsgər Zeynalovun yaradıcılığı bu təbrikdə dəyərləndirilir, onun Rusiya, ABŞ, Fransa, Almaniya, İngiltərə, Kanada, Hindistan və İsveçdə nəşr olunmuş kitabları diqqətə çatdırılır.  AYB-nin təbriki Azərbaycan, ingilis və türk dillərində təqdim olunub. 

Məcmuədə akademik Nizami Cəfərovun, professor Şahin Xəlillinin, filologiya elmləri namizədi Zeynəb Qasımovanın, rus alimləri Boris Starkovun, Rudolf  İvanovun,  övladları - Səbinə  və Səkinə Zeynalovanın görkəmli ədəbiyyətşünas alim haqqında yazıları öz əksini tapıb.

Məcmuədə  dünya şöhrətli rus, fransız alimləri-  B.Starkov, R.İvanov, A.Sotniçenko, Jan Lui Bakke Qrammon, Arno Laster,  habelə Türk  alimləri- S.Kazımoğlu, Nəzmi Ağıl, yazıçı-jurnalist Daniel Bordür, vitse-prezident Manyin Feyzonun azərbaycanlı tədqiqatçı barəsindəki fikirləri də yer alıb.

Eyni zamanda məcmuədə alimin həyatının müxtəlif anlarını əks etdirən və xarici ölkələrdə nəşr olunan kitabların  şəkillərinin verilməsi məcmuəni daha da dolğunlaşdırır. Biz də zəhmətkeş alimimizi, beynəlxalq elm aləmində özünü təsdiq etmiş professorumuz Əsgər Zeynalovu təbrik edir, möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları arzulayırıq.

 Bu xüsusi buraxılış dünyanın 25-dən artıq ölkəsinə yayılıb.