XƏBƏRLƏR

ADU-da Vaqif Mustafayevin “Dərdimi çəkirəm” sənədli filmi nümayiş olunub

24 fevral, 2022

Azərbaycan Dillər Universitetinin Magistratura şöbəsi, Doktorantura şöbəsi və  Beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin birgə təşkilatçılığı ilə  Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş tədbir keçirilib.

Magistratura şöbəsinin müdiri, dosent Firuzə Rzayeva tədbirin keçirilmə məqsədi haqqında danışıb, film barədə məlumat verib. O, nümayiş olunan “Dərdimi çəkirəm” adlı sənədli filmin  Xalq artisti, rejissor Vaqif Mustafayev tərəfindən  “Xocalıya ədalət” beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində lentə alındığını bildirib.

Sonra adıçəkilən, 23 dəqiqəlik  sənədli film nümayiş olunub.

Universitetin Elmi işlər üzrə prorektoru, professor Novruz  Məmmədov 1992-ci il fevralın 26-na keçən gecə Ermənistan hərbi birləşmələrinin dinc əhaliyə qarşı törətdiyi Xocalı soyqırımı haqqında məlumat verib, film barədə fikirlərini bölüşüb.  O, filmin Xocalı faciəsinin acı xatirəsini yaşatmaq, eyni zamanda erməni vəhşiliyinin dünya ictimaiyyətinə çatdırılması baxımından mühüm rolunun olduğunu qeyd edib.

Xalq artisti, rejissor Vaqif Mustafayev Xocalı faciəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırımı kimi tanınması istiqamətində  “Fəryad”, “Hər şey yaxşılığa doğru” filmlərindən sonra lentə aldığı sayca üçüncü film olduğunu qeyd edib. Filmin 30 il öncə baş vermiş dəhşətli hadisənin canlı şahidi olan və baş verənləri lentə almış hərbi operator Seyidağa Mövsümovun iştirakı ilə  çəkildiyini diqqətə çatdırıb.

Tədbir rejissor Vaqif Mustafayev tərəfindən film haqqında sualların cavablandırılması ilə yekunlaşıb.