XƏBƏRLƏR

“Ermənistanın terror siyasəti: Xocalı soyqırımı” mövzusunda tədbir keçirilib

24 fevral, 2022

Beynəlxalq münasibətlər və Regionşünaslıq fakültəsinin, Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının, Azərbaycanşünaslıq Elmi Mərkəzinin təşkilatçılığı ilə Xocalı soyqırımının 30-cu ildönümünə  həsr olunmuş “Ermənistanın terror siyasəti: Xocalı soyqırımı” mövzusunda tədbir keçirilib.

Beynəlxalq münasibətlər və Regionşünaslıq fakültəsinin dekanı, professor İbrahim Kazımbəyli xalqımıza qarşı həyata keçirilmiş soyqırımın tarixindən danışıb, tarixi şəraiti təhlil edib. Bu dəhşətli faciədən keçən 30 il ərzində Azərbaycan dövlətinin, Prezident İlham Əliyevin rəhbərliyi ilə Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində gördüyü tədbirlərdən danışıb.Tədbir professor İbrahim Kazımbəylinin moderatorluğu ilə davam edib

Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının dosenti Namiq Kərimov “Xocalı soyqırımı hüquqi-siyasi aspektdə” mövzusunda çıxış edib, ermənilərin törətdikləri misli görünməmiş vəhşilikləri vurğulayıb. Xocalı soyqırımı 1948-ci il 10 dekabrda BMT Baş Assambleyası tərəfindən qəbul edilmiş "soyqırım cinayətləri və onların qarşısını alınması və cəzalandırılması" haqqında konvensiyanın prinsiplərinə tam olaraq uyğundur. Məhz Xocalıda dinc insanları milli, dini mənsuniyyətinə görə, əvvəlcədən planlaşdırılmış şəkildə onların tamamilə və qismən məhv edilməsi məqsədilə həyata keçirilmişdir.

Fəlsəfə və ictimai elmlər kafedrasının dosenti Şəfəq Abdullayeva “Xocalı soyqırımının xarici mətbuatda əks-sədası” mövzusunda çıxışında Xocalı faciəsi haqqında xarici mətbuatın  məlumatlarını təhlil edib. Xocalı faciəsi baş verən zaman Azərbaycanda olmuş xarici jurnalistlərin öz gözləri ilə gördükləri, yaxud hadisə şahidlərinin dedikləri əsasında yazdıqları materiallar ədalət mühakiməsi üçün təkzibedilməz sübutlardır. Bir çox xarici mətbuat səhifələrində Xocalı faciəsi haqqında qanlı  həqiqətlər bütün dünyada yayımlanmışdır.

Regionşünaslıq kafedrasının baş müəllimi Elşən Məcidov “Xocalı faciəsi: alternativ ölçülər əsasında praqmatik siyasət zərurəti” mövzusunda çıxışında terrorçu Ermənistanın cinayətkar siyasətindən, törətdikləri soyqırımdan danışıb. Soyqırım üçün Xocalının məqsədli şəkildə seçildiyini, bununla da Azərbaycan xalqının gözünü qırmaq istiqamətində məqsədli terror aktları həyata keçirdiklərini qeyd edib.

Müzakirələrdə kafedra müdirləri və tələbələr iştirak edib.