XƏBƏRLƏR

ADU-da “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” ilə bağlı görüş keçirilib

24 fevral, 2022

Fevralın 24-də Azərbaycan Dillər Universitetində Azərbaycan Respublikasının Təhsil Nazirliyi nəzdində “2019-2023 Dövlət Proqramı” İdarəetmə Qrupu “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində görüş keçirilib.

ADU-nun elmi işləri üzrə prorektoru, professor Novruz Məmmədov Azərbaycan elminə göstərilən dövlət qayğısından və diqqətindən danışıb. Qeyd olunub ki, yüksək hazırlıqlı və peşəkar kadrların hazırlanması istiqamətində bir sıra mühüm işlər görülməkdədir. Bildirilib ki, gənclərin elmi potensialının artırılması, ixtisaslarını yüksək səviyyədə mənimsəməsi qarşıya qoyulan əsas məqsədlərdən biri hesab olunur.

“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliyinin artırılması üzrə Dövlət proqramı”nın idarəetmə rəhbəri Turan Topalova proqramla bağlı məlumat verib. Gənclərin proqram çərçivəsində xarici ölkə universitetlərində təhsil alması, təqaüd və s. məsələlərə toxunulub: “Müasir dövrün çağırışları ölkəmizdə prioritet istiqamət kimi bilik iqtisadiyyatının formalaşdırılmasını və bu əsasda insan kapitalının inkişafını şərtləndirir. Bu zərurət ölkəmizdə ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılmasını aktual edir. Dünya ali təhsil sistemində baş verən dəyişikliklərə cavab olaraq Azərbaycanda intellektual potensialın gücləndirilməsinə qoyulan investisiya artıq ali təhsil sistemində mühüm keyfiyyət dəyişikliklərini və innovativ fəaliyyətin güclənməsini şərtləndirib.”

Xaricdə doktorantura təhsili üzrə məsul şəxs Günay Mustafayeva tədbir iştirakçılarına xaricdə doktorantura təhsili ilə bağlı fikirlərini bölüşüb: ““2019-2023 Dövlət Proqramı” Azərbaycan Respublikası Prezidentinin 711 nömrəli 2018-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmişdir. Dövlət Proqramının icra istiqamətlərinə respublikamızda ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin müasirləşdirilməsi  üçün yerli ali təhsil müəssisələrində beynəlxalq ikili diplom proqramlarının təsis edilməsi və ali təhsil müəssisələrimizin akademik imkanlarının gücləndirilməsi ilə bağlı Azərbaycan Respublikası vətəndaşlarının nüfuzlu xarici ali təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə təhsilinin təşkili aiddir. Hazırda Dövlət Proqramı çərçivəsində 127 doktorant dünyanın 20 ölkəsində təhsil almaqdadır".

Magistratura şöbəsinin müdiri Firuzə Rzayeva magistrantların doktorantura təhsilinə olan marağından danışıb. Qeyd olunub ki, ali təhsilin davam etdirilməsi, karyera imkanlarının artırılması istiqamətində bir sıra vacib qərarlar qəbul olunub.

Marketinq və kommunikasiya mütəxəssisi Könül Bədəlova gənclərin təhsil almaq imkanlarından, dövlət proqramının üstünlüklərindən və doktorantura təhsilinin əlverişli şərtlərlə davam etdirilməsindən danışıb.

Görüş tələbələrin sualları ilə başa çatıb.