XƏBƏRLƏR

Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş tədbir təşkil edilib

24 fevral, 2022

Fevralın 24-də ADU-nun Təhsil 1 fakültəsi və Elmi Kitabxana və İnformasiya Xidməti Mərkəzinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş tədbir təşkil edilib.

Tədbiri giriş sözü ilə açan Təhsil 1 fakültəsi dekanı vəzifəsini icra edən Elnarə Putayeva Xocalı soyqırımının Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmasından, qətliamın ağır nəticələrindən danışıb.

Rektorun məsləhətçisi i.f.d. Anar Osmanlı “Vətən” və “Ana torpaq” anlayışından, Xocalı Soyqırımının dünya mətbuatında işıqlandırılmasının əhəmiyyətindən söz açıb.

Rektorun sosial məsələlər üzrə  müşaviri Ələddin Əliyev SSRİ-nin dağılmasından sonra hakimiyyət uğrunda gedən mübarizənin şahidi olmasından danışaraq, Xocalıda törədilmiş qətliamın böyük cinayət olduğunu qeyd edib.

İngilis dilinin leksikologiyası və üslubiyyatı 1 kafedrasının müdiri dosent Amil Cəfərov öz çıxışında Xocalıya gedən yolun başlanğıcının 1988-ci il Sumqayıt  hadisələrindən keçdiyini qeyd edərək Xocalı soyqırımını Belarusiyanın Xatın kəndindəki qətliamla müqayisə edib. 

Pedaqogika kafedrasının müdiri dosent Nigar Zeynalova öz çıxışını Azərbaycan Respublikası Prezidenti, Ali Baş Komandan İlham Əliyevin “Qarabağı mənim hakimiyyətim dövründə böyüyən gənclər azad etdi” sözləri ilə açaraq vətənpərvər gənclərin yetişdirilməsində professor-müəllim heyətinin rolunu xüsusi olaraq vurğulayıb.

Alman dilinin leksikologiyası və üslubiyyatı kafedrasının müdiri vəzifəsini icra edən dosent Elxan Yusifov sözlərinə “Xocalı soyqırımı ilə Qarabağın qara günləri başlandı” fikri ilə başlayaraq xalqımıza qarşı törədilmiş vəhşilikdən söz açıb.

Tədbirin sonunda Qafqazşünaslıq kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Namiq Kərimov Xocalı soyqırımı ilə bağlı tarixi faktlara toxunaraq “soyqırım” anlayışının hüquqi və tarixi müstəvidə aydınlaşdırılmasının vacibliyindən danışıb.