XƏBƏRLƏR

ADU-da Həzi Aslanova həsr olunan tədbir keçirilib

15 mart, 2020

Fevralın 28-də Azərbaycan Dillər Universitetində (ADU) Rusiyaşünaslıq elmi tədqiqat laboratoriyasının təşkilatçılığı ilə “Böyük qələbə. Yaddaş marşrutu” mədəniyyət və təhsil forumu çərçivəsində ölkəmizdə işgüzar səfərdə olan Rusiya Federasiyasının Kareliya Respublikasının Petrozavodsk şəhərindən olan nümayəndə heyəti ilə görüş keçirilib.

Görüşdə iki dəfə sovet ittifaqı qəhrəmanı adına layiq görülmüş Həzi Aslanovun həyat və döyüş yolundan bəhs edən filmə baxılıb.

Qeyd olunub ki, Həzi Aslanovun qəhrəmanlıqla dolu həyat yolu hər bir vətəndaşımız üçün nümunədir.

Rusiyaşünaslıq ETL-nin rəhbəri Məmməd Əliyev H.Aslanovun xidmətlərindən danışıb, faşizm üzərində tarixi qələbənin qazanılmasında göstərdiyi qəhrəmanlıqları ilə yaddaşlarda iz qoyan, Vətən torpaqlarının azadlığı uğrunda son damla qanını belə əsirgəməyərək düşmənlə mübarizə aparan bu qəhrəman həmvətənimizin xalqımız tərəfindən hər zaman qürur və hörmət hissi ilə yad ediləcəyini, onun adının və şərəfli döyüş yolunun gələcək nəsillər üçün hər zaman əsl vətənpərvərlik nümunəsi olacağını vurğulayıb: “Ümummilli liderimiz Heydər Əliyev Həzi Aslanovun hərb tariximizdə müstəsna rol oynadığını dəfələrlə qeyd edib və qəhrəmanın adının əbədiləşdirilməsi üçün bir çox sərəncamlar imzalayıb. Bu diqqət Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən davam etdirilir.”

Həzi Aslanovun nəticəsi, polkovnik-leytenant Emin Aslanov tədbir iştirakçılarına öz təşəkkürünü bildirib. Azərbaycan xalqının ikinci dünya müharibəsində qəhrəmanlığından danışan qonaq babasının göstərdiyi igidliyi və şücaətin böyük diqqət və məhəbbətlə anıldığını söyləyib.

ADU-nun rektoru, akademik Kamal Abdulla qonaqları universitetdə görməkdə məmnun olduğunu bildirib. Qeyd olunub ki, Azərbaycan xalqının vətənpərvərliyi və qəhrəmanlığı ikinci dünya müharibəsində də öz əksini tapıb. Eyni zamanda sonrakı dövrlərdə də Azərbaycan xalqı öz torpağı, vətəni üçün qəhrəmanlıq tarixinə imza atıb.

Tədbir tələbələrin sualları ilə başa çatıb.