XƏBƏRLƏR

“Xocalı harayı” adlı tədbir keçirilib

24 fevral, 2022

Azərbaycan Dillər Universiteti Multikulturalizm Mərkəzi və ADU üzrə YAP ərazi ilk təşkilatının birgə təşkilatçılığı ilə 24 fevral 2022-ci ildə “Xocalı harayı” adlı tədbir keçirilib. Multikulturalizm Mərkəzinin müdiri Loğman Rəşidzadənin moderatorluğu ilə keçirilən tədbirdə Xocalı soyqırımın ictimai-siyasi kökləri araşdırılıb, ölçüyəgəlməz erməni qəddarlığının səbəbləri, baş vermə şəraiti müzakirə edilib. 

Tədbirdə Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Multikulturalizm Mərkəzinin elmi işçisi Təranə Məmmədova türkiyəli yazar Zeynəb Baltimorun Xocalı hadisələrinə həsr olunmuş “Sarıtel /Hocalı Soyqırımı” kitabı haqqında geniş məlumat verib. Sonra ADU YAP ərazi təşkilatının sədri, Qafqazşünaslıq və Azərbaycan Tarixi kafedrasının müdiri dosent Qorxmaz Mustafayev “Tarixə qovuşan Xocalı soyqırımı”, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin şöbə müdiri Rəşad İlyasov “Xocalı hadisələri dünya ictimaiyyətinin gözü ilə”, ADU Regionşünaslıq kafedrasının müəllimi Elşən Məcidov “Xocalı faciəsi: alternativ ölçülər əsasında praqmatik siyasət zərurəti”, ADU-nun Beynəlxalq münasibətlər fakültəsi 371 a qrup tələbəsi Yusif Muradov “Xocalı gənclərin təəssüratında”, ADU Qafqazşünaslıq və Azərbaycan Tarixi kafedrasının müəllimi dosent Şəlalə Bağırova “Xocalı faciəsinin baş vermə səbəbləri” mövzusunda çıxışlar ediblər. 

Sonda Xocalı faciəsinin əsl siyasi qiymətini vermiş Ulu Öndər Heydər Əliyevin bu sözləri xatırlanıb: “Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasılmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırım eyni zamanda bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir”.

Tədbir diskusiya şəraitində keçib, Xocalı soyqırımının beynəlxalq aləmdə rezonansı diqqətə çəkilib. Heydər Əliyev Fondunun birinci vitse-prezidenti Leyla Əliyevanın bu işdə xüsusi fəallığı, “Xocalıya ədalət” kampaniyasının beynəlxalq təsir dairəsinin günü-gündən genişlənməsi xüsusi vurğulanıb.