XƏBƏRLƏR

ADU-nun tələbələri pedaqoji və istehsalat təcrübəsinə başlayıblar

17 fevral, 2022

Azərbaycan  Dillər Universitetinin tələbələri pedaqoji və istehsalat təcrübəsinə başlayıblar. Universitetin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, pedaqoji təcrübədə iştirak edən tələbələr 16 fevral tarixindən başlayaraq 14 həftə ərzində Bakı şəhərində yerləşən məktəb və liseylərdə, özəl təhsil müəssisələrində təcrübə keçirlər.

Təhsil 1, Təhsil 2, Filologiya fakültələrinin və “Sabah” qruplarının pedaqoji ixtisaslarda təhsil alan sonuncu kurs tələbələrinə təcrübə müddətində universitet tərəfindən ayrılmış müəllimlər və orta təhsil müəssisələrinin əməkdaşları rəhbərlik edəcək.

İstehsalat təcrübəsi keçən Beynəlxalq münasibətlər və regionşünaslıq, Tərcümə və Filologiya fakültələrinin tələbələri eyni tarixlərdə dövlət və qeyri-dövlət təşkilatlarına, bir sıra xarici ölkələrin ölkəmizdə fəaliyyət göstərən səfirliklərinə göndəriliblər. Onların təcrübə keçdikləri səfirliklər arasında İndoneziya, Pakistan, Meksika, Venesuela və Serbiyanın ölkəmizdəki səfirlikləri var.

Qeyd edək ki, təcrübəyə hazırlıq mərhələsində bütün fakültələr üzrə tələbələrlə təcrübə rəhbərləri arasında görüşlər keçirilib, təlimlər təşkil olunub. Təcrübəçilərin təşkilatlarda fəaliyyəti ilə bağlı xüsusi göstərişlər verilib, təcrübə yerində nizam-intizam qaydalarına ciddi əməl olunması diqqətə çatdırılıb.

Eyni zamanda Covid-19 pandemiyası ilə bağlı tələblər bir daha təcrübəçi tələbələrin diqqətinə çatdırılıb və bu tələblərə ciddi əməl olunması xüsusi vurğulanıb.