XƏBƏRLƏR

Yaşar İbrahimov: "40-dan çox tələbəm Yaponiyada karyera qurub"

24 yanvar, 2022

“Elm adamı” layihəsində Azərbaycan Dillər Universitetinin müəllim və əməkdaşları elm, təhsil, texnologiya ilə bağlı sualları cavablandıracaq. Müsahiblər öz elmi bacarıqları və təcrübələrini bölüşəcəklər. Layihənin ilk qonağı ADU-nun Yaponiya Araşdırmaları Mərkəzinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Yaşar İbrahimovdur.

- Yaşar müəllim, ilk müsahibimiz olaraq, layihəmizdə sizi xoş gördük. Təhsiliniz haqqında oxuculara məlumat verə bilərsinizmi?  

- Mən orta məktəbi 1985-ci ildə bitirdikdən sonra Azərbaycan İnşaat Mühəndisləri İnstitutuna (indiki Politexnik Universiteti) daxil olub, oranı 1992-ci ildə bitirmişəm. 2009-cu ildə Yaponiyanın Tokyo Siyasi Elmlər üzrə Tədqiqat Universitetinin (GRİPS) Yapon dili üzrə Magistr pilləsini bitirmişəm. 2011—2015 ci illərdə ADU-nun Ümumi dilçilik kafedrasının dissertantı olmuşam və 2018-ci ildə müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışam. Hal-hazırda ADU-da Yapon dili müəllimi, eyni zamanda Yaponiya Araşdırmalar Mərkəzinin direktoru vəzifəsində çalışıram.

- Azərbaycan elmini daha da inkişaf etdirmək üçün nə kimi addımlar atılmalıdır?

- Mənim fikrimə və təcrübəmə görə hər bir fəaliyyət sahəsində ilk növbədə işçinin maddi təlabatı ödənilməlidir və maddi maraq yaradılmalıdır. Bundan sonra hər bir insandan keyfiyyətli iş tələb olunmalıdır. Bundan başqa hər bir insan öz bacarığını Azərbaycan elminin inkişafına sərf edə biləcək qədər  milli ruha və vətənpərvərliyə malik olmalıdır. Bu olmadıqda onlarda bunu tərbiyə etmək lazımdır.

- Onlayn dərslərin keyfiyyətindən razı qaldınızmı? Bu cür tədrisin müsbət və mənfi cəhətləri sizin üçün nələr oldu?

- Pandemiya dövründə digər müəllim və pedaqoqlar kimi mən də onlayn dərslərin təşkil olunmasında və keçilməsində iştirak etdim. Mənim fikrimə görə hər iki təhsil formasının-həm ənənəvi, həm də onlayn təhsilin özünəməxsus müsbət və mənfi keyfiyyətləri vardır. Onlayn dərslərin müsbət cəhəti kimi onu deyə bilərəm ki, dil tədrisi zamanı dinləmə dərsi ənənəvi dərsə nisbətən daha effektli olur. Belə ki, onlayn dərs zamanı video görüntü ənənəvi dərsə nisbətən zəif olduğuna görə, tələbə yalnız eşitmə vasitəsi ilə sözlərin, cümlələrin və dialoqun mənasını başa düşməyə çalışır və buna nail olur. Bu da onun qavrama qabiliyyətini yüksəldir. Eyni zamanda onlayn dərs zamanı tələbələr psixoloji gərginlikdən azad omuş olur və öz fikrini daha yaxşı ifadə edə bilir. Onlayn dərsin mənfi xüsusiyyəti kimi isə müəllim tərəfindən tələbəyə tam nəzarət oluna bilməməsini göstərmək istərdim.

- Artıq dərslər ənənəvi formaya qayıdıb. Sizcə təhsilin hansı forması tələbələr üçün daha uyğundur?

- Mənim fikrimə görə hər iki təhsil forması təhsil üçün yararlı ola bilər. Ona görə təklif edərdim ki, hər bir təhsil formasının müsbət cəhətlərindən istifadə edilə bilən qarışıq təhsil forması tətbiq edilsin.

- Yapon dilinin tədrisi ilə məşğul olursunuz. Yapon dilinə maraq necədir? Bu dili öyrənməyin hansı üstünlükləri var?

- Ümumiyyətlə, hər bir xarici dilin öyrənilməsinin özünəməxsus üstünlükləri vardır. Başqa ölkənin dilini öyrənmək həmin ölkənin az da olsa mədəniyyətinə sahib olmaq deməkdir. Bundan başqa hansı ölkənin dilini öyrənirsənsə, o ölkə ilə müəyyən sahədə əlaqə qura bilirsən. Bu kontekstdən yanaşsaq, yapon dilini öyrənməyin üstünlükləri dünyada öz unikallığı ilə seçilən yapon mədəniyyətinə və dünyagörüşünə sahib olmaq, demək olar ki bütün sahələrdə inkişaf etmiş və dünyanın sayılıb-seçilən bir ölkəsi ilə əlaqə qurmaqdır. Dil və mentalitet cəhətdən bizə yaxın olan bir ölkə ilə əlaqə yaradıb dost olmaq bizim hər birimiz üçün faydalı olduğunu düşünürəm.

- Tələblərinizin uğurlarından danışaq.

-Artıq mən 22 ildir ki, yapon dilini tədris edirəm. 2000-2013-cü illərdə BDU-da çalışmışam. 2011-ci ildən indiyə qədər isə ADU-da çalışıram. Bütün bu müddət ərzində dərs dediyim tələbələrim içində əlaçı tələbələrlə yanaşı zəif oxuyan tələbələr də olmuşdur. Bu tələbələrin içində yaponşünasılıq ixtisası üzrə uğur qazanan tələbələrlə yanaşı digər sahələr üzrə uğur qazanan tələbələr də vardır. Hal-hazırda 40-dan çox tələbəm Yaponiyaya oxumağa gedərək, orada öz karyeralarını qurublar. Bundan başqa 5 tələbəm Azərbaycanda yerləşən Yaponiya səfirliyində işləyir. Azərbaycanda fəaliyyət göstərən Yaponiya şirkətlərində də çalışan tələbələrimiz var. Turizm, İT, sənaye, hüquq mühafizə və digər sahələrdə də uğur qazanan tələbələrimiz var.

- Son olaraq tələbələrə uğur qazanmağın formulunu necə təqdim edə bilərsiniz?

Tələbələrin uğur qazama formulu belədir: Yapon dilinə və mədəniyyətinə maraq; qarşıya qoyulan məqsəd; məqsədə çatmaq üçün özgüvən və fəaliyyət; bu yolda heç bir əngəlin olmadığına və hər şeyin özündən asılı olduğuna inam. Bu formulaya əməl olunarsa, hər bir tələbə uğur qazana bilər.

Söhbətləşdi: Tural Cəfərli