XƏBƏRLƏR

Hərb Tarixi Muzeyində 20 Yanvar faciəsinə həsr olunan tədbir keçirilib

19 yanvar, 2022

Azərbaycan Dillər Universiteti Tələbə Gənclər Təşkilatı və Müdafiə Nazirliyi Hərb Tarixi Muzeyinin birgə təşkilatçılığı ilə “Qanlı İmperiya sonunun başlanğıcı” adlı tədbir keçirilib. Tədbirdə Azərbaycan Dillər Universitetinin tələbələri, Hərb Tarix muzeyinin rəhbərliyi, Azərbaycan Tələbə Gənclər Təşkilatı İttifaqının sədri, Müdafiə Nazirliyi  və Nəsimi Rayon İcra Hakimiyyətinin nümayəndələri  iştirak edib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb. 

Azərbaycan Hərb Tarixi Muzeyinin rəisi, ehtiyatda olan polkovnik Əzizağa Qənizadə öz çıxışında tariximizin faciə və şərəf səhifəsi olan 20 Yanvar hadisələrindən  bəhs edib. O, qeyd edib ki, 1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin qanlı gecədə həlak olan qəhrəman şəhidlərimiz Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, müstəqilliyimiz üçün yol açdılar.

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Pərviz Mirələmli çıxış edərək gənclərin vətənpərvər ruhda yetişməsinin vacibliyini qeyd edib və 20 Yanvar hadisələrinə öz münasibətini bildirib. Azərbaycan xalqı 20 Yanvar şəhidlərinin xatirəsini hər zaman yüksək ehtiramla yad edir. O bildirib ki, ulu öndər Heydər Əliyev tərəfindən 1998-ci ildə “20 Yanvar Şəhidi” fəxri adı təsis edilib. Heydər Əliyevin yolunu uğurla davam etdirən Prezident İlham Əliyevin təşəbbüsləri sayəsində 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün effektiv sosial müdafiə sistemi formalaşıb. Həmçinin Şəhidlər Xiyabanında yüksək səviyyəsi təmir və yenidənqurma işləri aparılıb, paytaxtın “20 Yanvar” dairəsində şəhidlərinin xatirəsinə memorial abidə kompleksi ucaldılıb. Azərbaycan xalqı öz qəhrəman övladlarının fədakarlığını yüksək qiymətləndirərək, hər il yanvarın 20-də onların xatirəsini dərin ehtiramla yad edir. 

Nəsimi rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Bəybala Quliyev çıxışında qeyd edib ki, müstəqil Azərbaycan dövlətinin tarixinə qanlı 20 Yanvar faciəsi xalqımızın şərəf və qəhrəmanlıq səhifəsi kimi yazılıb. Bu şərəfli tarix yetişən gənc nəslin hərbi vətənpərvərlik ruhunda böyüməsində mühüm rol oynadı. 20 Yanvar hadisəsi Azərbaycan milli kimliyinin formalaşmasına və 70 ildən sonra dövlət müstəqilliyinin bərpa edilməsində dönüş nöqtəsi oldu. Onun sözlərinə görə, bundan sonra azadlıq hərəkatı dönməz xarakter aldı, xalq öz gələcəyini yalnız müstəqil Azərbaycanda gördü.

Tədbirin sonunda Azərbaycan Dillər Universiteti Tələbə Gənclər Təşkilatının sədri və tədbirin  layihə rəhbəri Elşən Hüseynli öz fikirlərini bildirib. O qeyd edib ki, Azərbaycanın qanlı 20 Yanvardan keçən müstəqillik yolu dönməzdir. Müstəqilliyi şirin bir nemət kimi dadan xalqımız bu yolda inamlı addımlar atır.