XƏBƏRLƏR

Konfutsi İnstitutu “Azərbaycan və Çin: 30 illik dostluq və əməkdaşlıq” mövzusunda inşa müsabiqəsi elan edib

10 yanvar, 2022

Dillər Universitetinin Konfutsi İnstitutu  “Azərbaycan və Çin: 30 illik dostluq və əməkdaşlıq” mövzusunda inşa müsabiqəsi elan edib

Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu tələbələri və Çin dili kurslarının dinləyicilərini Çin və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 illik yubileyinə həsr olunmuş “Azərbaycan və Çin: 30 illik dostluq və əməkdaşlıq” mövzusunda inşa müsabiqəsinə dəvət edir.

Müsabiqəyə azərbaycan, çin, ingilis və rus dillərində yazılmış fərdi inşalar qəbul edilir. İnşalar ədəbi-bədii məzmununa və orijinallığına əsasən qiymətləndiriləcək. Çin dilində olan inşalar qiymətləndirilərkən dil biliyinin səviyyəsi də nəzərə alınacaq.

Müsabiqə iştirakçılarının işləri mart ayının 1-dək [email protected] elektron poçt ünvanında qəbul edilir.

Qaliblər üç dərəcə üzrə diplom və qiymətli hədiyyələrlə mükafatlandırılacaqdır.

Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov bildirib ki, müsabiqənin keçirilməsində məqsəd tələbələrin elmi-tədqiqat potensialını inkişaf etdirmək və Azərbaycan-Çin dövlətləri arasında siyasi, iqtisadi və mədəni əlaqələrin tarixinə marağı dəstəkləməkdir.