ADU-da Həmrəylik Günü və Yeni il münasibəti ilə bayram tədbiri keçirilib
Dekabrın 30-da Azərbaycan Dillər Universitetində (ADU) 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə bayram tədbiri keçirilib.
Əvvəlcə dövlət Himni səslənib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
ADU-nun rektoru akademik, Xalq yazıçısı Kamal Abdulla bayram münasibəti ilə tələbələri və kollektivi təbrik edib, möhkəm cansağlığı, uğurlar arzulayıb. Rektor 44 günlük Vətən Müharibəsindən söz açaraq bu ilin digər illərə nisbətən daha qürurverici olduğunu qeyd edib. İşğaldan azad olunmuş ərazilərdə xalqımızın tarixi, mədəni-mənəvi irsinin qorunması və yenidən dirçəldilməsi naminə xalqımızın qarşısında duran yeni vəzifələrdən bəhs edib:
“Bu günlərdə Azərbaycan xalqının prezidentimizin rəhbərliyi altında 44 günlük müharibədə qazandığı qələbənin bir ili tamam oldu. Bu bir il ərzində Azərbaycan xalqı müdrik prezidetimizin rəhbərliyi altında çox məsuliyyətli dövr yaşadı. Bu gün xalqımızın bütün layaqətli nümayəndələri Qarabağın dirçəldilməsi uğrunda mübarizə aparır. Ordumuz, ordumuzun coşqunluğu, fədakarlığı dillər əzbəri olub. Bunu heç zaman unutmayacağıq. Şəhidlərimizə Allahdan rəhmət diləyirik”
Tədbir bədii hissə ilə davam edib. Universitetin tələbələri ingilis, alman, fransız, gürcü, yapon və s. dillərdə Yeni illə bağlı çıxışlar ediblər. Onlar müxtəlif dillərdə şeir və musiqilər səsləndirib, rəqslər nümayiş etdiriblər.