Akademik Kamal Abdulla Təhsil İnstitutunun direktoru ilə görüşüb
Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal Abdulla Azərbaycan Respublikası Təhsil İnstitutunun direktoru Rüfət Əzizov və institutun rəhbər heyəti ilə görüşüb.
Qonaqları ADU-da görməkdən məmnun olduğunu deyən akademik Kamal Abdulla rəhbərlik etdiyi təhsil ocağının Təhsil İnstitutu ilə müxtəlif istiqamətlər üzrə sıx əməkdaşlıqda maraqlı olduğunu diqqətə çatdırıb. Rektor ADU-nun tədris, elmi və ictimai istiqamətlərdəki layihələri haqqında məlumat verib, beynəlxalq əlaqələri barədə danışıb. Qeyd olunub ki, hər iki qurum arasında qarşılıqlı maraq doğuran əməkdaşlıq gələcəkdə öz müsbət təsirini göstərəcək.
Kamal Abdulla eyni zamanda “Azərbaycan multikulturalizmi” fənninin yerli və beynəlxalq universitetlərdə tədrisi məsələsinə toxunub, Azərbaycanın texniki yönümlü təhsil ocaqlarında bu fənnin davamlı tədrisinin məqsədəuyğun olmasına diqqət çəkib.
Təhsil İnstitutunun direktoru Rüfət Əzizov rəhbərlik etdiyi qurumun müxtəlif ali və orta məktəblərdə həyata keçirdiyi layihələr haqqında geniş məlumat verib. Bildirilib ki, bura ictimai əsaslı məktəblərin və ixtisasartırma kurslarının təşkili, tələbə və şagirdlərdə tədqiqat bacarıqlarının inkişaf etdirilməsi və s. daxildir. Görüşdə eyni zamanda xarici dillərin tədrisi metodikasının problemlərinə toxunulub, əmək bazarı ilə düzgün əlaqələrin qurulmasının yolları müzakirə olunub.
Görüşdə ADU-nun elmi işlər üzrə prorektoru professor Novruz Məmmədov, Tədris məsələləri üzrə prorektoru professor Sevinc Zeynalova, Beynəlxalq əlaqələr üzrə prorektoru professor Jalə Qəribova, Təhsil İnstitutunun direktor müavinləri Ülkər Babayeva və Aytən Zamanova qarışılıqlı maraq doğuran məsələlər haqqında fikirlərini bildirib, müxtəlif təkliflər səsləndirib, perspektiv layihələri müzakirə ediblər.