ADU-nun "Bir günlük Xəlifə" layihəsində tələbə fəaliyyətinin XRONİKASI
Dekabrın 13-də Azərbaycan Dillər Universitetinin (ADU) tələbələri “Bir günlük xəlifə” layihəsi çərçivəsində vəzifələrinin icrasına başlayıblar. ADU-nun tələbələrinə 39 vəzifə üzrə bir günlük idarəetmə imkanı verilib.
“Bir günlük xəlifə” layihəsi universitetdə 2017-ci ildən təşkil olunur. Layihə çərçivəsində tələbələr tərəfindən səsvermə yolu ilə seçilən xəlifələr bir gün ərzində universitetin rəhbər strukturlarını idarə edirlər. Bir gün ərzində rektor, prorektorlar, dekanlar, mərkəz və şöbə müdirləri tələbə, magistr və doktorantlar olurlar. Onlar bir gün ərzində universitetdə tədris prosesi və inzibati işlərlə bağlı qərarlar qəbul edir, bir sıra yeniliklər həyata keçirirlər.
Həmin gün rəhbər vəzifələri icra edən tələbələrin qərarları tam hüquqi qüvvəyə malikdir. Rektor akademik Kamal Abdullanın qərarı ilə “Bir günlük xəlifə” tələbə özünüidarəetmə günündə saat 8:30-dan 20:00-dək müvafiq vəzifələri tutan tələbə, magistr və doktorantlar icra etdikləri vəzifənin maaşını da alırlar.
“Bir günlük xəlifə” layihəsi çərçivəsində həyata keçirilən tədbirlər və görüşlərin xronikasını təqdim edirik.
1. Saat 09:00-da Xəlifələr Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyublar. Ulu öndər Heydər Əliyevin əziz xatirəsi dərin hörmət və ehtiramla yad edilib. Ulu öndərin əsasını qoyduğu güclü Azərbaycanın inkişafında gənclərin rolundan danışılıb.
2. ADU-nun şəhid məzunları anılıb, xatirə lövhələri önünə gül dəstələri qoyulub. 44 günlük Vətən müharibəsində adlarını tarixə qızıl hərflərlə yazdıran qəhrəman oğullarımızın xidmətlərinin heç vaxt unudulmayacağı və əbədi qəlbimizdə yaşayacağı vurğulanıb.
3. Saat 11:00-da Xəlifə-rektor Nurlan Tağıyev Yunanıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Nikolaos Piperiqkosla görüşüb. Diplomat “Bir günlük xəlifə” ilə bağlı fikirlərini bölüşüb və layihəni yüksək dəyərləndirib.
4. Saat 11:30-da Xəlifə rektor Nəsimi Rayon icra hakimiyyətinin başçısı Asif Əsgərovla görüşüb. Asif Əsgərov ölkəmizdə gənclərə göstərilən diqqət və qayğıdan danışıb: “Tələbələr yaradılan bu şərait həm də gəncliyə olan inam və etimad deməkdir. Azərbaycan Dillər Universitetinin tələbələri həm inamlı, həm savadlı, həm də ölkənin ictimai-siyasi həyatında aktiv rola malikdir.”
5. Saat 12:00-da Pakistanın Azərbaycandakı səfiri ilə görüş keçirilib. Səfir daha sonra Pakistan Mədəniyyət Mərkəzində tələbələrlə görüşüb. Görüşdə “Bir günlük xəlifə” layihəsindən söhbət açılıb.
6. Saat 14:00-da Xəlifə rektor Milli Məclisin üzvləri Naqif Həmzəyev və Tamam Cəfərova ilə görüşüb. Qeyd olunub ki, layihə çərçivəsində tələbələr gün ərzində universitetin rəhbər strukturlarını idarə edirlər. Bu gün rəhbər vəzifələri icra edən tələbələrin qərarları tam hüquqi qüvvəyə malikdir. Vəzifələri tutan şəxslər icra etdikləri vəzifənin bir günlük əmək haqqını alacaqlar.
7. Saat 14:30-da Xəlifə rektor Gənc Hüquqşunaslar Birliyinin hazırladıqları kitab təqdimatında iştirak edib. Kitab təqdimatı işğaldan azad olunmuş torpaqlarımızda erməni vandallarının törətdikləri vəhşiliklər əks olunub. Müxtəlif fotoların sərgiləndiyi kitabda tarixi-mədəni abidələrimizin əvvəlki və sonrakı görkəmi nümayiş olunub. Təqdimatda millət vəkilləri Naqif Həmzəyev, Tamam Cəfərova və Müşfiq Cəfərov iştirak edib.
8. Saat 16:00-da Nurlan Tağıyev ADU-nun Təbriz küçəsində yerləşən tədris binalarında olub, müxtəlif görüşlər keçirib.
9. 17:00-da Xəlifə rektor Nurlan Tağıyev xəlifələrin hesabat iclasını keçirib. Müxtəlif strukturlar üzrə seçilən xəlifələr bir günlük fəaliyyətləri ilə bağlı hesabat veriblər.
Qeyd edək ki, sözügedən layihə ADU-da üçüncü dəfə keçirilir. Layihənin əsası ADU-nun rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla tərəfindən qoyulub.