Azərbaycan Dillər Universitetində “Bir günlük xəlifə” Tələbə Özünüidarəetmə Günü keçirilib
Dekabrın 13-də Azərbaycan Dillər Universitetinin (ADU) tələbələri “Bir günlük xəlifə” layihəsi çərçivəsində vəzifələrinin icrasına başlayıblar. ADU-nun tələbələrinə 39 vəzifə üzrə bir günlük idaəetmə imkanı verilib.
İlk olaraq xəlifələr Ulu öndər Heydər Əliyevin büstünü ziyarət edib, büstün önünə gül dəstələri qoyublar. Daha sonra ADU-nun şəhid məzunları anılıb, xatirə lövhələri önünə gül dəstələri düzülüb. 44 günlük Vətən müharibəsində adlarını tarixə qızıl hərflərlə yazan qəhrəman oğullarımızın xidmətlərinin heç vaxt unudulmayacağı və əbədi qəlbimizdə yaşayacağı vurğulanıb.
Xəlifə-rektor Nurlan Tağıyev Yunanıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Nikolaos Piperiqkosla görüşüb. Diplomat “Bir günlük xəlifə” ilə bağlı fikirlərini bölüşüb: “Xoş qarşılanmaya və səmimi münasibətə görə sizə təşəkkür edirəm. Bu layihə tələbələr üçün çox böyük bir şansdır. Tələbələrə yaradılan şərait yüksək qiymətə və dəyərə malikdir. Xoş bir haldır ki, bu gün idarəetməni gənclər həyata keçirir, gənclərə yüksək etimad göstərilir, məsul vəzifələr onlara həvalə olunur. Eyni zamanda qeyd etmək lazımdır ki, gələcəkdə gənclər müxtəlif vəzifələri icra edəcəklər. Bu da onlar üçün bir təcrübədir.”
Səfir “Bir günlük xəlifə” ideyasının əhəmiyyətindən söhbət edərkən Yunanıstanda da bu ideyanın həyata keçirilməsindən danışıb: “Bu ideya mənim çox xoşuma gəlir. Yunanıstanda da bu ideyadan istifadə olunur. Universitetdə yox, parlamentdə bu layihə baş tutur. İldə bir dəfə baş tutan bu layihə böyük maraqla qarşılanır. Bu da gənclər üçün yeni imkanlar deməkdir”.
ADU-nun xəlifə rektoru Nurlan Tağıyev xoş sözlərə görə qonağa təşəkkürünü bildirib, göstərilən etimadı ən yüksək səviyyədə doğrultmağa çalışacaqlarını deyib. Gənclərin qarşısında duran məsələlər ölkəmizin inkişafı və rifahı üçün hesablanıb. Qeyd olunub ki, hər bir gənc öz imkanları daxilində dövlətinin, millətinin daha parlaq gələcəyi üçün çalışmalıdır.
Daha sonra Nurlan Tağıyev Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərovla görüşüb. Qonağı universitetdə görməkdən məmnun olduğunu deyən Xəlifə-rektor, dəstək üçün Asif Əsgərova təşəkkürünü bildirib. Qeyd olunub ki, bu, ADU-nun rektoru, akademik Kamal Abdullanın tələbələrin idarəetmə istiqamətində təcrübə qazanmalarına hesablanan vacib təşəbbüsüdür. “Bir günlük xəlifə” layihəsi universitetdə 2017-ci ildən təşkil olunur. Layihə çərçivəsində tələbələr tərəfindən səsvermə yolu ilə seçilən xəlifələr bir gün ərzində universitetin rəhbər strukturlarını idarə edirlər. Bir gün ərzində rektor, prorektorlar, dekanlar, mərkəz və şöbə müdirləri tələbə, magistr və doktorantlar olurlar. Onlar bir gün ərzində universitetdə tədris prosesi, inzibati və sair işlərlə bağlı qərarlar qəbul edir, bir sıra yeniliklər həyata keçirirlər.
O, göstərilən etimadı ən yüksək səviyyədə doğrultmağa çalışdıqlarını bildirib. Hər bir gənc öz imkanları daxilində dövlətinin, millətinin daha parlaq gələcəyi üçün çalışmalıdır.
Daha sonra Pakistanın Azərbaycandakı səfiri ilə görüş keçirilib. Görüşdə “Bir günlük xəlifə” layihəsi çərçivəsində iştirak edən tələbələrə uğurlar arzulanıb, veriləcək qərarların universitet həyatında önəmli bir yer tutacağına əminlik ifadə olunub. Səfir daha sonra Pakistan Mərkəzində tələbələrlə görüşüb.
Görüşdə “Bir günlük xəlifə” layihəsindən söhbət açılıb. Bildirilib ki, tələbələr universitetin rektoru, prorektorlar, fakültə dekanları da daxil olmaqla 39 rəhbər vəzifəni icra edirlər. Vəzifələri tutan şəxslər həmin gündən universitetin “kölgə kabineti”ni formalaşdırır, kabinet növbəti “Xəlifə günü”nə qədər öz fəaliyyətini davam etdirəcək.
Daha sonra xəlifə rektor Milli Məclisin üzvləri Naqif Həmzəyev və Tamam Cəfərova ilə görüşüb. Qeyd olunub ki, layihə çərçivəsində tələbələr gün ərzində universitetin rəhbər strukturlarını idarə edirlər. Bu gün rəhbər vəzifələri icra edən tələbələrin qərarları tam hüquqi qüvvəyə malikdir. Vəzifələri tutan şəxslər icra etdikləri vəzifənin bir günlük əmək haqqını alacaqlar. Qonaqlar bu günün əhəmiyyətini yüksək qiymətləndiriblər. İdarəetmə bacarıqlarının artırılması istiqamətində bu layihənin uğurlu olacağını söyləyiblər.
Daha sonra xəlifə rektor və digər xəlifələr Gənc Beynəlxalq Hüquqşünaslar İctimai Birliyi Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə “Erməni vəhşiliklərinin ifşası” adlı layihəsinin təqdimatında iştirak ediblər. Təqdimatda millət vəkilləri Naqif Həmzəyev, Tamam Cəfərova və Müşfiq Cəfərov iştirak edib. İctimai Birliyin sədri Nərgiz Qurbanova, dosent Şəlalə Bağırova və Vətən müharibəsi iştirakçısı, xanəndə Məbud Əhmədov çıxış edib, kitabın əhəmiyyətindən danışıblar.
“Erməni vəhşiliklərinin ifşası” adlı layihənin əsas məqsədi ermənilərin törətdiyi vəhşilikləri faktlar əsasında bütün dünyanın diqqətinə çatdırmaq, erməni faşizminin nə qədər qorxunc, nə qədər anti-insani mahiyyət daşıdığına bütün bəşəriyyəti inandırmaqdır. Bu məqsədlə azad edilmiş torpaqlarımızda erməni faşistlərinin dağıntılara məruz qoyduğu tarixi, mədəni, dini abidələrin fotolarının beş dildə əvvəl və sonrakı hallarının əks etdirildiyi kitab hazırlanıb, çap edilib. Layihədə bu kitabın Bakı və Gəncə şəhəri, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun işğaldan azad etdiyi Ağdam rayonunda təqdimatlarının keçirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, sözügedən layihə ADU-da dördüncü dəfə keçirilir. Layihənin əsası ADU-nun rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla tərəfindən qoyulub.