XƏBƏRLƏR

Ulu öndər Heydər Əliyevin anım günü münasibəti ilə tədbir keçirilib

09 dekabr, 2021

Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsi və ADU YAP ilk ərazi təşkilatı Ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş “Azərbaycanın uğurlu xarici siyasətinin həyata keçirilməsində Heydər Əliyevin rolu” mövzusunda tədbir keçirilmişdir. Tədbir açıq elan edildikdən sonra Ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin dekanı professor İbrahim Kazımbəyli giriş sözündə Ümummilli liderin çətin tarixi şəraitdə son dərəcə yüksək məsuliyyət tələb edən vəzifənin öhdəsindən gəlməyindən bəhs etmiş və  daha sonra məruzəçilərə söz verilmişdir.

Fəlsəfə və ictimai elmlər kafedrasının dosenti Şəfəq Abdullayeva “H.Əliyev mükəmməl xarici-iqtisadi siyasətin banisi kimi” adlı məruzəsində Ulu öndər Heydər Əliyevin xarici siyasət kursu qarşısında ölkənin müstəqilliyini, suverenliyini, ərazi bütövlüyünü, təhlükəsizliyini qorumaq və bunları beynəlxalq təhlükəsizlik sistemi ilə əlaqələndirmək, mənafeyi Azərbaycanın milli maraqları ilə, həmçinin, dövlətçilik maraqları ilə uyğun gələn ölkələrlə daha sıx əməkdaşlıq, müttəfiqlik etmək, bu imkanlardan istifadə edərək beynəlxalq sistemdə dövlətimizin mövqeyini möhkəmlətmək, xalqın mənafeyin beynəlxalq iqtisadi sistemdə təmsil etmək kimi bir sıra vəzifələr qoyduğunu, Ümummilli lider Heydər Əliyevin formalaşdırdığı mükəmməl siyasətin onun ən layiqli varisi olan möhtərəm Prezidentimiz İlham Əliyev layiqli şəkildə davam etdirildiyini söyləmişdir.

Azərbaycan və Qafqazşünaslıq kafedrasının dosenti Xatirə Hacıyeva “Ulu öndərin uzaqgörən siyasəti bugünkü uğurlarımızın əsasıdır” adlı məruzəsində Ulu öndərin 1969-cu ildə Azərbaycan SSR-in rəhbəri olduqdan sonra coxşaxəli fəaliyyətində ərazi bütövlüyü uğrunda mübarizənin əsas yer tutduğunu, Milli hərbi kadrlar hazırlamaq məqsədilə onun təşəbbüsü ilə 1971-ci ildə Naxçıvanski adına hərbi litsey yaratmasını da bu yolda atılan ilk addımlardan olduğunu qeyd etmişdir.

Beynəlxalq münasibətlər kafedrasının müəllimi s.e.ü.f.d. Cəfərov Eldar “Heydər Əliyev diplomatiyasının uğuru kimi müasir Azərbaycan-müqəddəs taxt-tac münasibətləri” adlı məruzəsində Azərbaycan və Papalıq əlaqələrini üç ayrı - Beynəlxalq-siyasi, Müqəddəs Taxt-tac dövlətinin maraqları, Azərbaycan Respublikasının maraqları sferasında təqdim edilə biləcəyini qeyd edərək, məhz Ümummilli lider Heydər Əliyevin siyasi və hüquqi müstəvidə mədəni fərqliliklərin qorunması sahəsində fəaliyyəti nəticəsində bu gün də davam etdirilən Papalıq və Azərbaycan münasibətlərinin nümunəvi və müstəsna əhəmiyyət kəsb etdiyini bildirmişdir.

Regionşünaslıq kafedrasının müəllimi Orxan Nəbiyev “Heydər Əliyevin Ermənistanı işğalçı dövlət kimi tanınmasında rolu” adlı məruzəsində 1993-cü ildən Ulu öndər Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti kimi qarşısında duran əsas siyasi-diplomatik məqsədinin Ermənistanın işğalçı iç üzünü dünya ictimaiyyətinə təqdim etmək olduğunu, rəsmi İrəvanın bu münaqişəni Qarabağda yaşayan ermənilərlə Azərbaycan arasında olan etnik münaqişə kimi təqdim etməyinə baxmayaraq, əməldə silah-sursatla, maliyyə və siyasi vasitələrlə, habelə ordu şəklində separatçılara dəstək olduğunu, münaqişənin siyasi mərkəzinin Xankəndində deyil, məhz İrəvanda olmasını sübut etmək və Ermənistanı işğalçı kimi dünyaya tanıtmaq olduğunu söyləmişdir.

Tədbirin sonunda Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi iştirakçılar tərəfindən bir daha ehtiramla yad edilmişdir.