XƏBƏRLƏR

ADU-da Ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş seminar keçirilib

09 dekabr, 2021

09 Dekabr 2021-ci il tarixində Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar Azərbaycan Dillər Universitetinin Təhsil 1 fakültəsi seminar təşkil edib.

Seminarı giriş sözü ilə ADU-nun Təhsil 1 fakültəsinin dekanı, filologiya elmləri doktoru, professor Fikrət Cahangirov açaraq Azərbaycanı zamanın çətin sınaqlarından çıxarmış dahi şəxsiyyət Heydər Əliyevin ictimai-siyasi fəaliyyəti haqqında məlumat verib. O, qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin möhkəm siyasi iradəsi sayəsində həyata keçirdiyi dərin islahatlar bugünkü modern və dayanıqlı inkişaf yolu ilə gedən Azərbaycan Respublikasının qlobal miqyasda öz layiqli yerini tutmasında müstəsna rol oynayıb. O, Heydər Əliyevin Dövlət Təhlükəsizlik Komitəsində fəaliyyətindən danışandan sonra neft sənayesinin inkişafında xidmətlərini də xüsusi vurğulayıb. Ulu Öndərin ideyaları bu gün Azərbaycanın əldə etdiyi iqtisadi uğurların, milli mənəvi dəyərlərimizin qorunması və inkişaf etdirilməsi sahəsində çoxşaxəli fəaliyyətin əsasında dayanır. 

ADU-nun rektor məsləhətçisi, iqtisad elmləri üzrə fəlsəfə doktoru Anar Osmanlı   vurğulayıb ki, ömrünü xalqımızın, dövlətimizin inkişafına, tərəqqisinə həsr edən Ulu öndər ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycanın milli maraqlarını daim uca tutub. Ümummilli lider Azərbaycan dövlətinin, xalqının mənafeyi, müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyimizin, demokratiyanın inkişafı, xalqın rifah halının daha da yaxşılaşdırılması üçün fədakarlıqla çalışıb. O, qeyd edib  ki, Azərbaycanı XX yüzilliyin sonlarında düşdüyü xaos və anarxiyadan çıxaran, ölkədə ictimai-siyasi sabitliyi təmin edən ümummilli lider Heydər Əliyev zəngin dövlət idarəçiliyi ənənəsi formalaşdırmışdır. Bütün ömrünü dövlətinin, xalqının rifahına, intibahına həsr edən, bu yolda canını belə əsirgəməyən böyük şəxsiyyət Azərbaycanın ən çətin və mürəkkəb dövrlərində hakimiyyətə gələrək dövlətini xilas etmiş, millətinin gələcəyini təmin etmişdir.

Seminarda çıxış edən İngilis dilinin fonetikası kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Fərman Zeynalov  bildirib ki, Azərbaycan tarixində Heydər Əliyev şəxsiyyətinin müstəsna yeri var. Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı olan Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olub.

İngilis dilinin leksikologiyası və üslubiyyatı kafedrasının(TF1) müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Amil Cəfərov deyib ki, Ulu Öndər öz əməlləri, fəaliyyəti, xalqımıza, dövlətimizə bəxş etdiyi azadlıqlarla əsl xilaskarlıq nümayiş etdirmişdir. Hakimiyyətinin hər iki dövründə xalqa xidmət, vətənə  sədaqət ulu öndər Heydər Əliyevin fəaliyyətinin əsasında dayanıb. Azərbaycanın iqtisadi, sosial inkişaf səviyyəsinə görə bölgədə liderlik adını qazanması, müasirləşməsi, yeniləşməsi, respublikanı əhatə edən quruculuq işlərinin geniş vüsət alması ümummilli liderimiz Heydər Əliyev ideyalarının hər bir Azərbaycan vətəndaşı tərəfindən həyata keçirildiyinin bariz nümunəsidir.

Xarici dillərin tədisi metodikası kafedrasının müdiri v.ie., pedaqogika üzrə fəlsəfə doktoru, dosent Günay Şirəliyeva çıxış edərək deyib ki, Ulu Öndərin 1993-cü ildə siyasi hakimiyyətə gəlməsi ilə ölkədə iqtisadi, siyasi, hüquqi islahatlar aparıldı, demokratiya və vətəndaş cəmiyyəti quruculuğu sahəsində uğurlu addımlar atıldı. Yeni Konstitusiya layihəsi hazırlanaraq referendum yolu ilə qəbul edildi, bazar münasibətlərinə keçidlə bağlı möhkəm qanunvericilik bazası yaradıldı, “Əsrin müqaviləsi” imzalandı. Bundan başqa, milli ordu quruculuğu sahəsində irəliyə doğru mühüm addımlar atıldı, Azərbaycan informasiya blokadasından çıxarıldı.

Mülki müdafiə və tibbi biliklərin əsasları kafedrasının müdiri, dosent Sevda Zamanova və Alman dilinin leksikologiyası və üslubiyyatı kafedrasının müdir müavini, dosent Elxan Yusifov qeyd ediblər ki, Azərbaycan xalqının keçdiyi çətin və mürəkkəb inkişaf yoluna işıq saçan, onun bugünkü müstəqilliyinin yaranmasında və inkişafında, müasirləşməsində və yeniləşməsində müstəsna xidmətləri olan Heydər Əliyev fenomenini xüsusi qeyd etmək lazımdır. Ölkəmizin dünya birliyinə inteqrasiyası bir daha göstərir ki, Azərbaycanın inkişaf strategiyasını uzaqgörən siyasəti ilə müəyyənləşdirən Heydər Əliyev dühası, zəkası, neçə-neçə onillər üçün hesablanmış perspektivləri ölməz siyasətçinin fədakarlığının nəticəsidir.

Seminarda çıxış edən fakültə TEC-nin sədri Nurlan Tağıyev, tələbələrdən Baxış Musazadə, Zümrüd Babazadə  diqqətə çatdırıblar ki, Ümummilli Lider bu gün aparıcı dünya dövlətlərinin hesablaşdığı Azərbaycan Respublikasının hərtərəfli inkişafının əsasını qoyub. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasət bu gün onun layiqli davamçısı Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.