XƏBƏRLƏR

Konfutsi İnstitutu “Çin ifaçılıq sənəti” adlı tələbə seminarı keçirib

06 dekabr, 2021

Azərbaycan Dillər Universitetinin (ADU) Konfutsi İnstitutunda Çin ənənəvi komediya janrı olan syanşenə həsr olunmuş “Çin ifaçılıq sənəti” adlı tələbə seminarı keçirilib.

Seminarı giriş sözü ilə açan Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov komediya monoloqu və ya dialoq şəklində syanşenin şifahi janr kimi yaranma və inkişaf tarixindən danışıb.

R. Abbasov  syanşenin müxtəlif mövzularında milli-xüsusi dil vasitələri, o cümlədən, sürətli nitq tempi, heroqlif yumoru, Çin dilinin tonlarının təsiri, rəqəmlərin və frazeoloji yumorun, təkrarların çoxluğundan bəhs edib.

Seminarda çıxış edən ADU-nun  çinşunas tələbələri tamaşanın forması və məkanları, ifaçıların xarici görünüş xüsusiyyətləri, onların aktiv və passiv rolları, səhnədə tutduqları mövqe və atributları, sənətkarların dörd əsas bacarığı, o cümlədən sənətkarlıq,  valehedici hekayə danışmaq qabiliyyəti, müxtəlif personajları və dialektləri təqlid etmək, hazırcavab zarafat etmək və nitqin ritmini saxlamaq haqqında danışıblar.

Həmçinin qeyd olunub ki, Tyantszin və ya Putonxua dillərində müasir syanşen çıxışları ifanın dörd elementinə köklənir: danışma, təqlid etmək, mimika və oxuma.

Aktual ictimai hadisələrin, məşhur şəxsiyyətlərin, mif və rəvayətlərin qəhrəmanlarının hərəkətlərini təsvir edən syanşenin məzmun baxımından növləri gülüş hədəfinə çevirmə, tərifləmə və əyləndirmə məqsədli olur.