XƏBƏRLƏR

ADU-da "Skandinaviya ölkələrində gender məsələləri" kitabının təqdimatı keçirilib

02 dekabr, 2021

Noyabrın 22-də Azərbaycan Dillər Universitetində (ADU) universitetin Beynəlxalq Münasibətlər və Regionşünaslıq fakültəsinin  eyni adlı kafedrasının  dosenti, f.ü.f.d. Kifayət  Ağayevanın "Skandinaviya ölkələrində gender məsələləri" kitabının təqdimatı keçirilib.

Təqdimat zamanı həmin kafedranın  müdiri,  dosent Sevdagül Əliyeva kitab haqqında məlumat verib,  müəllif  Kifayət Ağayevanın  gender məsələləri sahəsində respublikanın  aparıcı alimlərindən biri olduğunu və onun bu sahədə 6 kitabın müəllifi olduğunu qeyd edib.

Universitetin Elmi işlər üzrə prorektoru, professor Novruz Mammadov Fransa və Britaniyada qadınlara hüquqların verilməsinin tarixi barədə ətraflı məlumat verib. O, eyni zamanda Azərbaycanda da gender məsələlərinin sıx tədqiq olunmasından söz açıb,  aparılan elmi araşdırmaların müsbət nəticələrinin tətbiq olunması  yollarını axtarmağın vacibliyini bildirib.

Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının müdiri, dosent Qorxmaz Mustafayev Azərbaycanda gender məsələlərinin tətbiqi zamanı  milli mentalitetin nəzərə alınması şərtinin vacibliyindən söz açıb.  

Beynəlxalq münasibətlər kafedrasının müdiri,  professor Aidə Yusifzadə Azərbaycanda qadınların erkən dövrdə seçki hüququ alması barədə danışıb, bu mövzuda digər ölkələrlə müqaysəli fikirlər səsləndirib. Professor Əli Məmmədov Norveç cəmiyyətinin multikulturalizmə münasibəti ətrafında danışıb.

Regionşünaslıq kafedrasının baş müəllimi Vüsalə Əfəndiyeva qadın hüquqlarının inkişafı, XIX əsrdə qadınların vəziyyəti, feminizm, feminizmin 4 dalğası, "Hisslərin deklarasiyası" və müxtəlif ölkələrdə qadınlara səsvermə hüququnun verilməsi prosesi,  kafedranın digər müəllimi Orxan Nəbiyev isə qadınların öz hüquq və azadlıqlarından istifadə edə bilməsi üçün  onların iqtisadi cəhətdən müstəqil olmasının haqqında ətraflı məlumatlar veriblər.

Təqdimatın sonunda tələbə Nərminə Qasımova "Norveçdə Qadın Hüquqları Assosiasiyası" barədə slayd nümayiş etdirib.