Beynəlxalq fransız dili müəllimi gecəsi keçirilib
Azərbaycan Dillər Universitetində (ADU) universitetin Fransız dili və Mədəniyyəti Mərkəzinin, Frankofoniya Mərkəzinin birgə təşkilatçılığı ilə Beynəlxalq Fransız dili müəllimi gününə həsr olunan tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Fransız dili və Mədəniyyəti Mərkəzinin müdiri, filologiya elmləri doktoru, professor Əsgər Zeynalov müəllim əməyini yüksək qiymətləndirib, “mövqeyindən asılı olmayaraq, təhsil sahəsindəki uğular üçün orta və ali məktəbdə dərs deyən müəllimlərə borcluyuq” deyə qeyd edib.
O, universitetin digər ölkələrlə - Fransa, Belçika, İsveçrə, İtaliya arasında əlaqələrindən bəhs edib, əməkdaşlıq çərçivəsində ölkələrarası edilən səfərlərdə danışıb:
“Biz dəfələrlə Fransaya, Belçikaya, İsveçrəyə, İtaliyaya səfərlər etmişik, fransız dili bizim ən böyük ünsiyyət vasitəçimiz, bələdçimiz olub. Buna görə də biz sizə təşəkkürümüzü bildiririk”.
Tədbirin təşkilində rolu olan Frankofoniya Mərkəzinin mütəxəssisi - filologiya üzrə fəlsəfə doktoru Şahismayıl Süleymanov iştrakçılara “Beynəlxalq Fransız dili müəllimi günü”nün yaranma tarixi ilə bağlı məlumat verib, Fransanın Azərbaycandaki səfirliyinin əməkdaşları, Azərbaycan Fransız İnstitutun icraçı direktoru Jonathan (Hakan) Ünlü və mədəniyyət işləri üzrə koordinator Elizabet Jüste tədbirin əhəmiyyətindən danışıb, tədbir təşkilatçılarına təşəkkürünü bildirib və gələcəkdə belə tədbirlərin davam etdirilməsinin iki ölkənin universitetləri arasında əlaqələrində mühüm rol oynadığını qeyd ediblər.
Tədbirdə digər çıxışçılar - Tərcümə fakültəsinin Roman dillər kafedrasının müdiri Aynur Quliyeva, müəllimlərdən Vəfa Seyidova, Xədicə Əyyubova, habelə Fransız dili və Mədəniyyəti Mərkəzinin mütəxəssisi Cəmilə Xaspoladova tədbirlə bağlı öz fikirlərini söyləyiblər.
Tədbirin bədii hissəsində universitetin Təhsil-2 fakültəsi və Tərcümə fakültəsinin tələbələri Fatimə Namazova “Müəllim”, Səkinə Məmmədzadə “Salam, fransız dili müəllimimiz” şeirlərini söyləyiblər. Nailə İsmayılova, Alik Allahverdiyev, Samirə Babayeva video vasitəsi ilə vaxtilə onlara dərs deyən fransız dili müəllimləri haqqında fikirlərini dilə gətiriblər.
Tələbələr - Heydərova Sona, Quliyeva Əzizə, Sultanzadə Şəfiqə, Mustafayeva Leyla, Axundova Məryəm “Pandemiyadan sonra ilk dərs” adlı səhnəcik göstəriblər.
Tədbirdə hər iki ölkənin - Azərbaycan və Fransanın himnləri səslənib.
Fransız dilində təşkil olunan tədbir “Əlvida, əziz müəllimimiz, biz sizi heç vaxt unutmayacağıq” –adlı məşhur fransız mahnısı ilə yekunlaşıb.