ADU-da Milli Dirçəliş Günü münasibəti ilə dəyirmi masa keçirilib
Noyabrın 17-də Azərbaycan Dillər Universitetində universitetin Tələbələrlə iş və tədbirlərin təşkili şöbəsinin təşkilatçılığı ilə Milli Dirçəliş Gününə həsr olunan dəyirmi masa keçirilib.
Milli Dirçəliş Gününün tarixi əhəmiyyətindən danışan universitetin Beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin dekanı, professor İbrahim Kazımbəyli azadlıq uğrunda aparılan mübarizə nəticəsində həlak olan şəhidlərimizə rəhmət diləyib, gəncləri tariximizin şanlı səhifələrini dərindən öyrənməyə, vətənimizin rifahı yolunda üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyə çağırıb.
Filologiya fakültəsinin dekanı, professor Şahin Xəlilli Milli Dirçəliş Günü münasibəti ilə tədbir iştirakçılarını təbrik edib:
“Azərbaycan xalqı mübariz xalqdır. Ölkə Prezidenti İlham Əliyevin başçılığı, Azərbaycan xalqının birliyi və Azərbaycan Ordusunun qəhrəmanlığı nəticəsində qalib olduğumuz 44 günlük Vətən müharibəsi bu mübarizliyin əyani sübutudur”.
1988-ci il noyabrın 17-dən başlanan meydan hərəkatının Azərbaycan xalqının azadlıq ruhunu oyatdığını deyən universitetin Qafqazşünaslıq və Azərbaycan tarix kafedrasının dosenti Qorxmaz Mustafayev Milli Dirçəliş Gününün tarixindən, o dövrün siyasi proseslərindən və azadlıq arzusu ilə yaşayan xalqımızın ötən əsrin 80-ci illərinin sonlarında Bakının Azadlıq meydanında fasiləsiz etiraz mitinqlərinə başlaması haqqında da məlumat verib.
O, xalqın istiqlal mücadiləsinin əsas mərhələlərindən biri olan Milli Dirçəliş Gününün Azərbaycanın müstəqilliyinin bərpasında mühüm rol oynadığını da qeyd edib.
Regionşünaslıq kafedrasının dosenti Bəhmən Əliyev Azərbaycanın müstəqilliyə qədərki tarixindən və bu tarixdə Ermənistan və Rusiyanın təsirindən danışıb.
O, həmçinin Azərbaycanın müstəqillik qazanmasında və azad, suveren ölkə kimi dünyada tanınmasında Ulu öndər Heydər Əliyevin misilsiz rolundan söz açıb.
Milli Dirçəliş Gününün mahiyyətindən danışan universitetin Beynəlxalq münasibətlər kafedrasının dosenti Namiq Əsədov Azərbaycanın müstəqillik qazanması yolunda verdiyi itkilər və illərlə davam edən hadisələr haqqında tədbir iştirakçılarına geniş məlumat verib.
Filologiya üzrə fəlsəfə doktoru Mehriban Mövlanova “17 günlük hərakatı-Müstəqilliyə doğru dönüş nöqtəsi”, Filologiya fakültəsinin tələbəsi Rəna Şabanzadə isə “1988 ci il, 17 noyabr” adlı mövzuları ilə çıxış ediblər.
Tədbir tələbələrin maraqlı çıxışları ilə yekunlaşıb.