XƏBƏRLƏR

Xalqımızın 44 günlük zəfər tarixi

05 noyabr, 2021

03.11.2021-ci il tarixində Beynəlxalq jurnalistika şöbəsinin təşkilatçılığı ilə “Xalqımızın 44 günlük zəfər tarixi” mövzusunda tədbir keçirilib. Tədbirin əvvəlində Azərbaycanın Dövlət himni səsləndirilib. Tədbiri giriş sözü ilə açan şöbə müdiri Nərgiz Qurbanlı tədbir iştirakçılarını, qonaq qismində dəvət olunan qazini salamlayaraq Ali Baş Komandanın dəmir yumruğu və ordumuzun rəşadəti sayəsində 44 günlük müharibədə qazanılan tarixi qalibiyyətdən danışıb, I və II Qarabağ müharibəsi şəhidlərini yad edərək onların ailələrinə Allahdan səbir diləyib, mərd oğullarımızın, qazilərimizin qəhrəmanlığını xüsusi vurğulayıb. Nərgiz Qurbanlı çıxış üçün sözü Qazi Elmin Həsənova verib. Qazi Elmin Həsənov döyüşlərdə keçirdiyi hisləri tədbir iştirakçıları ilə paylaşıb, 44 günlük müharibədə ordu və xalq birliyinin həlledici amillərdən biri olduğunu xatırladıb.

Azərbaycan ədəbiyyatı kafedrasının jurnalistika ixtisası üzrə müəllimi Əhməd Muxtarov 44 günlük müharibəyə həsr olunmuş fotolarını nümayiş etdirib və hər bir fotonun tarixçəsindən bəhs edib.

Azərbaycan ədəbiyyatı kafedrasının müəllimi, fil.f.d. Aynurə Paşayeva 1988-1994-cü illər siyasi prosesləri, Xocalı soyqırımı və Qarabağ müharibəsi ilə bağlı Türkiyə mediasının münasibəti haqqında ətraflı məruzə edib, Xocalı faciəsinin soyqırım kimi qiymətləndirilməsində Türkiyə mətbuatının xüsusi rol oynadığını tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, akademik Muxtar İmanov tədbiri yüksək qiymətləndirib və Zəfər günü münasibətilə tədbir iştirakçılarını təbrik edib.