XƏBƏRLƏR

ADU-da “Tarixi qələbə, zəfər günü” adlı dəyirmi masa olub

04 noyabr, 2021

Noyabrın 3-də Azərbaycan Dillər Universitetində (ADU) Zəfər bayramı münasibəti ilə universitetin Magistratura və Doktarantura şöbələrinin birgə təşkil etdiyi  “Tarixi qələbə, zəfər günü” adlı dəyirmi masa keçirilib.

ADU-nun Elmi məsələlər üzrə prorektoru, professor Novruz Məmmədov bildirib ki, Azərbaycan Ordusu, Azərbaycan əsgəri ərazi bütövlüyümüzün təmin olunması missiyasını  Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tam və qəti qələbəyə nail olaraq həyata keçirib:

“Həsrətində olduğumuz torpaqlarımız 30 il sonra qəhrəman şəhidlərin qanı və canı bahasına azad edilib. Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirəm".

Vətən müharibəsi ilə bağlı keçirilən tədbirlərin təqdirə layiq olduğunu deyən professor Novruz Məmmədov görüşdə iştirak edən həkim və qazilərə təşəkkürünü bildirib.

Universitetin Magistratura şöbəsinin müdiri, pedaqogika üzrə fəlsəfə doktoru Firuzə Rzayeva görüşün mahiyyətindən danışıb. Mənfur düşmənlərin ölkəmiz əleyhinə apardığı təbliğat və təxribatların vaxtında qarşısını almaq məqsədi ilə düşmənin dilini bilməyin vacibliyindən söz açıb. O, Azərbaycan Dillər Universitetinin Qafqazşünaslıq ixtisasında  erməni dilinin tədris olduğunu qeyd edib.     

                                                                                                                                                                                  Vətən müharibəsində iştirak edən həkim Əkbər Qədimov hərbi-tibbi texniki avadanlıqların yüksək səviyyədə olduğundan və döyüş zamanı bu avadanlıqların istifadə qaydalarını mükəmməl  bilən həkim tibbi personalın xidmətlərindən danışıb.

Görüşün qonağı olan Xüsusi Təyinatlı Qüvvələrin qaziləri-  Hüseyn Həsənov, Əfqan Zaxmayev təşkil etdikləri görüşə görə universitet rəhbərliyinə və təkilatçılara minnətdarlıqlarını bildirib, keçdikləri döyüş yolları barədə təəssürat və xatirələrini bölüşüb, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusunun yüksək peşəkarlıqla apardığı işğaldan azadetmə əməliyyatının dünya hərb tarixinə düşməsi ilə qürur duyduqlarını deyiblər.

Dəyirmi masada doktorantlar Aynur İsayev “Zəfər günü”, Nailə Həsanova isə  “44 günlük müharibə və tarixi zəfərimiz” adlı məruzə ilə çıxış ediblər. 

Görüşdə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.