XƏBƏRLƏR

ADU-da meksikalıların ənənəvi “Ölülər günü” bayramı ilə bağlı tədbir keçirilib

02 noyabr, 2021

Noyabrın 2-də Azərbaycan Dillər Universitetində (ADU) universitetin İspan dili Mərkəzinin təşkilatçılığı ilə Meksikanın “Ölülər günü” bayramı ilə əlaqədar tədbir keçirilib.

Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini  adıçəkilən bayramın yaranmasının tarixi kökləri, adət-ənənələri haqqında tədbir iştirakçılarını məlumatlandırıb: “Hər il noyabrın 2-də meksikalılar bu bayramı böyük təmtəraqla qeyd edirlər. Bu gün hər bir meksikalının evində dünyasını dəyişən insanların şərəfinə süfrə açılır, onların sevdikləri musiqi səsləndirilir. Bu minvalla biz ölülərin ruhunu hiss etməyə çalışırıq. Onların bizdən məmnun qalmaları üçün sevdikləri təamları süfrəyə düzürük, şən ab-havada olmağa çalışırıq, ruhlarının bizdən inciməməsi üçün əlimizdən gələni edirik. Biz dünyadan köçən yaxınlarımızı unutmadığımızı bu bayramda onlara xatırladırıq”.

İnteraktiv şəkildə keçən tədbirdə səfir Rodriqo Labardini tələbələri maraqlandıran sualları cavablandırıb.

Tədbirdə “Ölülər günü” nə aid qısametrajlı film nümayiş olunub.

ADU-da “Ölülər günü” bayramı münasibətilə stend qurulub. Stenddə bayramın xüsusiyyətlərini özündə əks etdirən şirniyyatlar və digər nümunələr təqdim olunub.

 Qeyd edək ki, "Ölülər Günü" bayramı Yunesko tərəfindən Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsi siyahısına daxil edilmiş yeddi Meksika mədəni adətindən biridir.

Meksika adətlərinə görə "Ölülər Günü" bayramında  ailənin dünyadan köçən üzvləri xatirəsinə qurbangahlar qurulur, ölənin xoşladığı yeməkləri, şəxsi əşyaları, şam və güllər qoyulur.

Qədim köklərə malik olan bu bayramın əsas məqsədi, ölənlərin yad etməklə yanaşı ölümün də həyatın bir parçası olduğunu göstərməkdir.