XƏBƏRLƏR

ADU-nun professoru Fərman Zeynalov haqqında kitab işıq üzü görüb

11 oktyabr, 2021

Azərbaycan Dillər Universitetinin İngilis dilinin fonetikası kafedrasının müdiri, professor Fərman Zeynalov haqqında “Biyografi-Bibliyografiya” adlı kitab işıq üzü görüb. Kitab Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası tərəfindən dörd dildə - Azərbaycan, rus, türk, ingilis dillərində işıq üzü görüb.

Yeni nəşr professor Fərman Zeynalovun həyatı, pedaqoji fəaliyyəti, dilçilik və ədəbi-bədii yaradıcılığından bəhs edir. Həmçinin bir çox görkəmli elm xadimlərinin professor Fərman Zeynalov haqqında fikirləri, arzuları da öz əksini tapıb.

Kitabı hazırlayanlar  Prof. Dr. Elçin İsgəndərzadə, Dr. Şükufə Əhmədli və redaktoru Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası Ankara rəhbəri professor.Dr. Hayrettin İvgindir.

Qeyd edək ki, Fərman Zeynalov 29 yanvar 1944-cü ildə Cəbrayıl rayonunun Həsənqaydı kəndində anadan olub. 1961-ci ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutunun Qərbi Avropa Dilləri fakültəsinin ingilis dili şöbəsinə daxil olub (hazırkı Azərbaycan Dillər Universiteti). İnstitutu 1969-cu ildə əla qiymətlərlə bitirib və Azərbaycan Dillər Universitetinin Elmi Şurasının qərarı ilə fonetika kafedrasında müəllim kimi fəaliyyət göstərib.

Professor F. Zeynalov hazırda universitetin İngilis dilinin fonetikası kafedrasının müdiridir. O, 8 kitabın, iki monoqrafiyanın, 150-dən çox elmi-metodik əsərin və proqramın müəllifidir. Dilə yeni rakursda yanaşmasının özəllikləri  respublika və xarici  mətbuatda öz əksini tapıb.