XƏBƏRLƏR

ADU-nun rektoru Təhsil-2 fakültəsinin birinci kurs tələbələri ilə görüşüb

11 oktyabr, 2021

Oktyabrın 11-də Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik, Xalq yazıçısı Kamal Abdulla 2021-2022-ci tədris ilində universitetin Təhsil-2 fakültəsinə qəbul olunmuş birinci kurs tələbələri ilə görüşüb. 

Rektor onları tələbə adını qazanmaları münasibətilə təbrik edib, bu adın onların üzərinə əlavə məsuliyyət və öhdəliklər gətirdiyini söyləyib: “Bu il önəmli və tarixi ildir. Sizin təhsil aldığınız dövr Azərbaycan tarixinin ən şərəfli, ən unudulmaz illəri kimi yaddaşlarda qalacaq. Siz Zəfər tarixinin ilk şahidlərisiniz. Sizin üzərinizə yüksək bilik və bacarıq əldə etmə yolunda əlavə imkanlar düşür. Belə ki, hər birimiz əlimizdən gələnin ən yaxşısını qələbəmizin qorunması üçün etməli və bunu bir borc kimi qarşımıza qoymalıyıq.”

Daha sonra rektor əlavə edib: “Ölkənin inkişafında və gələcək imkanların genişləndirilməsində yaxından iştirak etmək lazımdır. Hər kəs öz bilik və bacarığından düzgün şəkildə istifadə etməlidir. Faydalı, layiqli və ədalətli olmaq prinsip şəklində özünü biruzə verməlidir. Həm də belə bir tarixi dönəmdə xüsusilə diqqətli olmaq lazımdır. Zəfər tarixi ilə əlaqədar hər birimiz şəhidlərimizin ruhuna layiq olmalıyıq. Bunu bilik və savadımızla, vətənə sevgimizlə nümayiş etdirməliyik.”

Qeyd olunub ki, ADU-nun layihələri tələbələr üçün xüsusi ilə önəmlidir. Belə ki, tələbələr öz bacarıqlarını, dünyagörüşlərini bu layihələr vasitəsilə artıra bilər. “Bir günlük xəlifə” adlı layihədən danışan rektor bildirib ki, bu, tələbələrin idarəetmə və kollektivlə işləmə bacarıqlarının üzə çıxması baxımından əhəmiyyətlidir.

Həmçinin Kamal Abdulla universitetdə tələbələr üçün yaradılan şəraitdən, keçirilən tədbirlər, seminarlar, layihələr, təşkil olunan dərnək və klublardan, fəaliyyət göstərən dil və mədəniyyət mərkəzləri, kitabxanalardan bəhs edib.

Tədris məsələləri üzrə prorektor, professor Sevinc Zeynalova və Beynəlxalq əlaqələr üzrə prorektor, professor Jalə Qəribova universitetin müxtəlif istiqamətli geniş imkanları haqqında məlumat verib, tələbələrə uğurlar arzulayıblar.

Görüş tələbələri maraqlandıran suallarla davam edib.