ADU-da ABŞ səfirliyi, Lənkəran Dövlət Universiteti və Pedaqoji Universitet arasında Memorandum imzalanıb
Oktyabrın 4-də Azərbaycan Dillər Universitetində (ADU) ABŞ səfirliyi, Lənkəran Dövlət Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universiteti arasında Anlaşma Memorandumu imzalanıb. Mərasimdə çıxış edən ADU-nun rektoru, akademik Kamal Abdulla tədbir iştirakçılarını universitetdə görməkdə məmnun olduğunu bildirib: “Bu tədbirin məhz ADU-da keçirilməsi əlamətdar hadisədir. Bakı Amerika Mərkəzi universitetimizdə 2007-ci ildən fəaliyyət göstərir. Bu mərkəzin açılması Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilib. Azərbaycan Dövlət Pedaqoji Universitetinin və Lənkəran Dövlət Universitetinin rəhbərliyini təbrik edirəm. Məhz bu əməkdaşlıq vasitəsi ilə yeni platformaların əldə olunması imkanları yaranacaq. Arzu edərdik ki, Amerika universitetlərində də Azərbaycan mərkəzləri açılsın".
Rektor əlavə edib ki, zaman göstərdi ki, aradan keçən müddətdə Azərbaycan xalqı öz həqiqətlərini dünyaya bildirmək üçün bu Mərkəzin imkanlarından maksimum istifadə edə bildi. Azərbaycanın Zəfər müharibəsində əvvəl əldə etdiyi nailiyyətlərin də müxtəlif ölkələrə, o cümlədən Amerikaya yayılmasının təşkili işində bu Mərkəzin rolu az olmadı. Biz bilirik ki, Amerika xalqı Azərbaycanın həqiqətlərini bilir, duyur, dəstəkləyir və bu cür mərkəzlərin köməyi ilə həqiqətlərin Amerika müstəvisində yayılmasını alqışlayırıq.
ABŞ-ın ölkəmizdəki səfiri Li Litzenberger qeyd edib ki, "Amerika guşəsi" proqramı Azərbaycanda 2007-ci ildən bəri fəaliyyət göstərir. Hazırda proqram çərçivəsində Bakı, Gəncə, Xaçmaz, Salyan və Kürdəmirdə beş Amerika guşəsi fəaliyyətdədir. Mədəniyyət Nazirliyi ilə əməkdaşlıq şəraitində işləyən ABŞ səfirliyi Şəki və Lənkəranda iki yeni guşənin açılışını da planlaşdırır.
Bakıda fəaliyyət göstərən mərkəzi Amerika Guşəsi Azərbaycan Dillər Universitetində yerləşir, digər guşələr isə Gəncə, Xaçmaz, Salyan və Kürdəmir şəhərlərinin mərkəzi kitabxanaları nəzdində xidmətlər göstərir.
Azərbaycanda, habelə bütün dünyada fəaliyyətdə olan Amerika Güşələri ingilis dili təlimi, təhsillə bağlı məsləhətlər, məişətlə bağlı təlimlər, mədəniyyət, və informasiya sessiyalarıda daxil olmaqla bir neçə əsas layihələrə dəstək verir.
Hər il yüz mindən çox məktəb şagirdi, tələbə və böyüklər Azərbaycanda fəaliyyət göstərən Amerika Güşələrinə gələrək tam ödənişsiz şəkildə təqdim olunan ingilis dili tədrisi, danışıq sinifləri, film axşamları, kitablar üzərində müzakirələr, konsertlər, və infomasiya sessiyalarından yararlanırlar. Güşələr yaş və ya İngilis dili səviyyəsindən asılı olmayaraq bütün insanlar üçün açıqdır.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru professor Cəfər Cəfərov və Lənkəran Dövlət Universitetinin rektoru professor Natiq İbrahimov layihənin əhəmiyyətini yüksək qiymətləndirib, gələcək əməkdaşlığın perspektivləri haqqında fikirlərini bildiriblər.